Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2143/2024 04.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində 04 may 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamış, ictimai yerdə nalayiq ifadələr işlətmiş və ekspertiza nəticəsində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin polis sahə rəisi, polis kapitanı X3 bildirdi ki, polis əməkdaşları xidmət aparan zaman 1 nəfərin aqressiv hərəkətlərini müşahidə edərək ona yaxınlaşmış və bunun səbəbini soruşmuşlar. Şəxs isə kobudluq edərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan sonra çevik polis alayının əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun sərxoş vəziyyətdə olması müəyyən edilmiş, daha sonra isə Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi ilə onun narkotik vasitədən istifadə etməsi faktı öz təsdiqini tapmışdır. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, hadisə Qaraçuxur qəsəbəsində yerləşən kafedə baş vermişdir. Həmin kafedə məhlə uşaqları və dostları ilə birlikdə olmuşdur. Sərxoş olduqlarına görə bir-birləri ilə ucadan danışsalar da, aralarında dava-dalaş olmamışdır. Sonda hesabı ödəyən zaman kafenin sahibi ondan pulu tələb etdikdə, pulun telefonda olduğunu, telefonun isə söndüyünü ona bildirmiş və telefon açılan kimi pulu ödəyəcəyini söyləmişdir. Kafenin sahibi isə ele bildi ki, pulu ödəməyəcəkdir. Hadisənin baş verdiyi vaxt içkili və əsəbi olmuşdur. 1 gün əvvəl narkotik vasitə qəbul etsə də, mütəmadi olaraq narkotik vasitə istifadəçisi deyil. Çevik polis alayının əməkdaşlarına qarşı müqavimət göstərilməsini və onları təhqir etməsini isə həmin vaxt içkili olduğu üçün xatırlamır. Törətdiyi əməldən peşman olduğunu, atasının 1-ci Qarabağ müharibəsi qazisi, xərçəng xəstəsi olmasını, evə baxan şəxsin yalnız o olduğunu nəzərə alaraq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 Alayının Patrul bölüyünün polis nəfəri X4 ifadəsində bildirdi ki, ərazidə xidmət aparan zaman səs-küy gəldiyini eşidərək hadisə yerinə yaxınlaşmışlar. Vətəndaşdan niyə səs-küy etməsinin səbəbini soruşduqda vətəndaş əl-qol hərəkətləri ilə onlara tabe olmamışdır. Bundan sonra vətəndaş bölməyə aparılaraq sərxoşluq vəziyyəti müayinə edilmiş və onun sərxoş olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 Alayının Patrul bölüyünün polis nəfəri X2 ifadəsində bildirdi ki, xidmət apardıqları ərazidə gəzərkən bir vətəndaşın səs-küy salmasını eşidərək ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra onu bölməyə dəvət etsələr də, vətəndaş onların tələbinə tabe olmamışdır. 04 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 001244 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-nin 206, 510 və 535-ci maddələrinin tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin narkomaniyadan məcburi müalicə olunması məsələsinin həlli, ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün qərarın surətinin Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2899 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün subutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla, tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXMin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Həmçinin, məhkəmə Şəxs səmimi etirafını və əməlindən peşman olmasını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 03 may 2024-cü il tarixdən, saat 02:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2899 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il saat 02:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2143/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2143/2024
04.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver