Məhkəmə qərarları › İş №3(010)-2147/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2147/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2147/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş raporta əsasən Şəxs MMC tərəfindən **********0159 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləsməsinə dair tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixli **********0159 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində digər gömrük proseduru altında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********0159 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2025-cü il tarixinə qədər müəyyən edilmişdir. Lakin şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatında bildirmişdir ki: Şəxs MMC tərəfindən **********0159 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin idxal gömrük prosedurunda rəsmiləsdirilməməsinə səbəb həmin mallar üçün tələb olunan gömrük ödənişləri ilə razılaşmamaqları və bu məsələ ilə bağlı məhkəmə işinin davam etməsidir. Məhkəmənin yekun qərarı çıxanadək malların müvəqqəti saxlanc gömrük prosedurunda qalmasının mümkünlüyünü hesab etmişlər və bu səbəbdən həmin malları digər gömrük proseduru altında rəsmiləsməsinə dair tədbir görməmişlər.” Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt təhqiqat şöbəsinə daxil olmuş raport, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursuna baxış protokolu, izahat və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə Şəxs MMC tərəfindən Türkiyə Cümhuriyyətindən ümumi 18.981,46 ABŞ dolları dəyərində bədən spreyi sifariş etmişlər, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən suni maneələr yaradılaraq qeyd edilən mallar onları daşıyan nəqliyyat vasitələri ilə birlikdə gömrükdə saxlanılır. Dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək malların və nəqliyyat vasitələrinin buraxılması xahiş edilsə də, müraciət nəticəsiz qalmışdır. 27 oktyabr 2024-cü il tarixdən nəqliyyat vasitəsi gömrükdə saxlanılmışdır. Tətbiq edilən qaydalara görə hər gecikdirilən günə görə nəqliyyat vasitəsini idarə edən sürücüyə 100 ABŞ dolları ödənilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə nəqliyyat vasitəsində olan malların saxlanc yerinə verilməsini və nəqliyyat vasitəsinin buraxılması barədə müraciət edilmişdir. X2 Komitəsində yekunda müsbət baxılaraq idxal edilən mallar müvəqqəti saxlanca gömrük nəzarəti altında buraxılmışdır. Bununla bağlı Bakı İnzibati Məhkəməyə müraciət edilmişdir və 2-1(112)-4666/2025 saylı inzibati işə baxılmışdır. Bundan başqa, hazırki iş üzrə inzibati xəta barədə protokol tərtib edilməməli idi, çünki ona məxsus olan malların bütün gömrük xərcləri ödənilmişdir, lakin buna baxmayaraq Bakı Baş Gömrük İdarəsinin təzyiqi və nəzarəti ilə mallar möhürlü halda anbarda saxlanılır. Belə olan halda bütün pozuntuların Bakı Baş Gömrük İdarəsinin üzərində düşdüyü halda protokol tərtib edilməsi həm qanunsuz, həm də ədalətsizdir. Odur ki göstərilənlərin nəzərə alınması və tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********0159 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1089, ünvan 1i şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(112)-525/2024 nömrəli qərardadından görünür ki, ərizə təmin edilərək müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək 25 oktyabr 2024-cü il tarixli, **********7346 sorğu nömrəli gömrük bəyannaməsi ilə Şəxs MMC tərəfindən sifariş edilən gömrükdə saxlanılan malların saxlanca verilməsi və malları gətirən nəqliyyat vasitəsinin buraxılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı Şəxs MMC xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Avropa 19 Group» MMC tərəfindən sifariş edilən lakin gömrükdə saxlanılan mallara görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və xx.xx.2025-ci il tarixdə iddia təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53-cü və 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır; Göstərilən Məcəllənin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Məhkəmə iş üzrə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindan daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar