Məhkəmə qərarları › İş №3(010)-2156/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2156/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2156/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs “Araz” marketin nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-cu Polis Şöbəsinin sahə inspektoru Orxan Həsənovun iştirakları ilə, Şəxs –xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 07 may 2024-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə Orxan Həsənov tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs “Araz” marketə məxsus dəmir setkaların müxtəlif vaxtlarda oğurlayaraq 300 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, həmin vaxt içkili və özündə omadığını, protokolda göstərilən ərazidən dəmir setkaları götürdüyünü və əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin o maddi ziyanı tam yox, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru Orxan Həsənov izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X3 ərizə ilə 32-ci PB-nə müraciət edərək günün müəyyən vaxtlarında Şəxs “Araz” marketdən dəmir arabaların oğurlandığını bildirmişdir. Kamera görüntüləri və keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluq edənin Şəxs olduğu aşkar edilmiş və polis bölməsinə gətirilmişdir. Bununla bağlı olaraq, Şəxs barəsində 07 may tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Araz” marketin nümayəndəsi X2 izahatında kamera görüntülərinə baxdıqda onun öhdəliyində olan məhsulların Şəxs tərəfindən günün müəyyən vaxtlarında bir neçə dəfə götürülərək geri qaytarmadığını və bu hal təkrar baş verməsinə görə polisə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 may 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar