Məhkəmə qərarları › İş №3(010)-216/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-216/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-216/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallara baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-1700/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs müxtəlif növ cehiz və qızıl-zinət əşyaları naturada Hacıyevə (Həsənova) Mətanət Şahin qızına verməlidir. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. İnzibati materiallar araşdırılarkən müəyyən edilmişdir ki, Həsənov X1 Rayon Məhkəməsinin 3(010)-1334/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə yuxarıda qeyd olunan icra vərəqəsini icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin, Şəxs qeyd olunan məhkəmə qətnaməsini icra etmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(010)-57/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Beləliklə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı və digər mühüm halları araşdırmalıdır. Lakin hazırki iş materiallarından Şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(010)-57/2019 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra qətnamənin icrası məqsədilə yeni müddətin təyin edilməsi, bu məqsədlə borcluya xəbərdarlıqların və bildirişlərin göndərilməsi, həmçinin, iş üzrə digər icra tədbirlərinin görülməsi müəyyən olunmur. Nəticədə, Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallar natamam tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar