Məhkəmə qərarları › İş №3(010)-2160/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2160/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2160/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yükləyici-sürücü işləyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, ev 37 ünanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərtib etdiyi inzibati xəta haqqında 19 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün həmin tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Suraxanı rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(010)-5100/2024 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs və Şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01600 saylı barışıq sazişi təsdiq edilmişdir. Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəlmişlər. İkinci tərəf kimi çıxış edən atası Şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-dək 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Zərərçəkmiş şəxs adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 19 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə məhkəmədə izahatında bildirdi ki, icra sənədi üzrə 30 oktyabr 2024-cü il tarixdə Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmışdır. İcra sənədi Suraxanı rayon şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icra tədbirləri görülmüş, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmişdir. 04 noyabr 2024-cü il tarixdə borclu bildirişə imza edərək tanış olmuşdur. Borclu 2024-cü ilin dekabr ayından aliment borcundan hər ay 300 manat ödəməyə başlamışdır. Borclu hər ay 500 manat ödəməli olduğundan lakin hər ay 300 manat ödədiyindən qalıq borcu yığılmışdır. Borclu rəsmi olaraq işləyir və işlədiyi "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə əmək haqqına yönəlmə ilə bağlı müraciət olunsa da icra olunmamış və bu günə qədər icra şöbəsinə rəsmi cavab verilməmişdir. Bu günə qədər əmək haqqından rəsmi tutulma olmamışdır. Buna görə də MC barəsində qanuni tədbir görülməsi planlaşdırılır. Tələbkar xx.xx.2025-ci il tarixdə icra şöbəsinə ərizə verərək borclunun ona 900 manat ödədiyini və 1600 manat borcu qaldığını bildirmişdir. Qalıq borcun ödənilməsini və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təmin olunmasını xahiş etmişdir. Buna görə də təqdimatla məhkəməyə müraciət olunmuş və xx.xx.2025-ci il tarixdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixdə tələbkar təkrar olaraq şöbəyə ərizə verərək borclunun ümumilikdə 1300 manat ödəniş etdiyini və 2200 manat borcunun qaldığını bildirmişdir. Buna görə də borclunun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İcra sənədi üzrə borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, adına heç bir əmlak aşkar olunmamışdır. Borclu hazırkı vaxtadək borcundan hissə-hissə hər ay mütəmadi ödəniş etmişdir. Bu hal icra sənədi üzrə tələbkarın haqlı narazılığına səbəb olur. Tələbkar borcun tam bağlanmasını tələb edir. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən tam icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Borclunun barəsində axtarış qərarı olmamış, o bütün çağırışlara gəlmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə 19 may 2025-ci il tarixdə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs 2024-cü ilin sentyabr ayından hər ay 500 manat ödəməli olduğu halda 3 ay ödəniş etməmiş və aliment borcunu dekabr ayından hər ay hissə-hissə 300 manat ödəniş etdiyindən qalıq məbləğlər yığılaraq borcu yaranmışdır. Hazırda özü uşaqlara baxır, işləmir və buna görə də 300 manata dolanmaqda çətinlik çəkir. Hazırda borclunun onun kartına ödədiyi 500 manatı qəbul edir, qalan borcun tam bağlanmasını, hər ay ən azı 400 manat pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında Şəxs bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun çağırışlarına vaxtında gəlmişdir. Sadəcə olaraq onun maddi imkanının zəif olması borcu birdəfəlik icra etməyə imkan verməmişdir. Bildirmişdir ki, aylıq 431 manat əmək haqqı alır və hər ay tələbkara 300 manat ödəniş edir. Barışıq sazişi imzalanan vaxt başqa iş yeri olduğu üçün qazancı da yaxşı olmuş, lakin sonradan hazırki işinə keçmiş və buna görə də 431 manat əmək haqqı alır. Hər ay 300 manat ödəniş etdiyindən tələbkara qalıq borcu yaranmışdır. İcra məmurunun çağırışlarına vaxtında gəlmiş və borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. Hazırda mobil telefonunu satmış və tələbkarın kart hesabına 500 manat ödəniş etmişdir. Növbəti ayın 1-dən hər ay mütəmadi olaraq 300 manat ödəniş edəcəyinə söz verir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq əməlində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olmadığından inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(010)-5100/2024 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs və Şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01600 saylı barışıq sazişi təsdiq edilmişdir. Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəlmişlər. İkinci tərəf kimi çıxış edən atası Şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-dək 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Zərərçəkmiş şəxs adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan icraata başlamaq haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(010)- 5100/2024 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 30 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, 30 oktyabr 2024-cü il tarixli qərara əsasən Suraxanı rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(010)-5100/2024 saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli, № e316235/2024-18-14-001 nömrəli məktubdan görünür ki, borclunun rəsmi işlədiyi "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə əmək haqqına yönəlmə ilə bağlı müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs Suraxanı rayon İcra Şöbəsinə ərizə verərək bildirmişdir ki, borclunun ona 900 manat pul ödədiyini və 1600 manat borcu qaldığını bildirmişdir. Qalıq borcun ödənilməsini və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuş və Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-253/2025 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs Suraxanı rayon İcra Şöbəsinə ərizə verərək bildirmişdir ki, borclunun ümumilikdə 1300 manat ödəniş etdiyini və 2200 manat borcunun qaldığını bildirmişdir. Buna görə də borclunun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, 4) borclu tərəfindən məhkəmə qərarının icra edilməsi üçün yetərli tədbirlərin görülməməsi. Məhkəmə borclu Şəxs Suraxanı rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(010)-5100/2024 saylı qətnaməsinə dair icra sənədi üzrə yaranmış borcundan hər ay 300 manat ödəniş etdiyini, məhkəmə iclasında tələbkarın kart hesabına 500 manat ödədiyini, aliment borcunun borclunun əmək haqqına yönəlməsini nəzərə alaraq hesab edir ki, borclunun maddi imkansızlıq səbəbindən borcunu vaxtında və tam icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yolverilməzdir. Bununla da Şəxs Suraxanı rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(010)- 5100/2024 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi faktı məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilmədiyindən və məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar