Məhkəmə qərarları › İş №3(010)-2161/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2161/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2161/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X1 iştirakı ilə, X4 barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən zavodda su sayğacına qanunsuz müdaxilə edilərək, diametri 32 mm olan boru vasitəsi ilə zavod ərazisinə sayğacdan kənar xətt çəkilmiş, nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4.214 manat ziyan dəymişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X10 barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 16 may 2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X7 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri X8 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhəri Suraxanı rayon Prokurorunun nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi Mehman Haşımov, Sukanal sistemlərinin təhlili şöbəsinin rəisi Nihad Rəsulov və Polis polkovnik leytinantı Sarvan Mehdiyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının 28 oktyabr 1999cu il tarixli 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında” Qanununun tələblərinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən Bakı Tikinti Materialları ATSC-yə məxsus kərpic zavoduna baxış keçirilmişdir. Baxış zamanı su xəttinin üzərindəki sayğacın sökülərək yararsız hala gətirildiyi və su şəbəkəsinə qanunsuz (özbaşına) qoşulma faktı aşkarlanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin nümayəndələri Vəliyev Elmar və Haşımlı Fərid tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kərpic zavoduna baxış keçirilmişdir. Obyektin smart-kart tipli su sayğacına baxış keçirilən zaman məlum oldu ki, abonent sayğacdan qabaq D=32 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə etmişdir və sayğacın elektron hissəsi sökülərək yararsız hala salınmışdır. Həmin akta əsasən qanunsuz istifadəyə görə hesablanmış cərimənin Qanunsuz istifadə fakturasından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kərpic zavodunda sudan qeyri-qanuni istifadə edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4.214 manat dəyərində ziyan vurulmuşdur. İş materiallarında olan Suraxanı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2 tərəfindən tərtib olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kərpic zavodunun ərazisi müxtəlif hissələrdən ibarət olmaqla ərazidə çox saylı qurğular var. Həmin qurğuların əksəriyyəti istifadəyə yararsız vəziyyətdədir. Baxış iştirakçısı Vaqif Qənbərov baxış zamanı bildirdi ki, uzun müddətdir ki, zavodda kərpic və hava blokları istehsal edilmir, zavodda yanlız keramzit hazırlanır. Lakin zavodda sonuncu dəfə 2021-ci ilin dekabr ayında keramzit istehsal edilmişdir. Həmin vaxtdan bugünədək zavod fəaliyyətsizdir. Daha sonra Vaqif Qənbərovdan su sayğacının yerləşdiyi yeri göstərməsini xahiş edildi. Vaqif Qənbərov zavodun ərazisində yerləşən ayırca tikilini göstərdi və su sayğacının həmin tikilidə quraşdırıldığını bildirdi. Həmin tikilinin qapısı dəmir materialdandır və üzərində qıfıl var. Vaqif Qənbərov özündə olan açarla qıfılı açdı və tikiliyə daxil olduq. Sayğaca baxış keçirilən zaman su sayğacına qanunsuz müdaxilə edildiyi aşkar edilmədi. Vaqif Qənbərov bildirdi ki, "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları sayğaca baxış keçirdikdən sonra onun göstərişi ilə sayğacı əvvəlki vəziyyətinə gətirmişlər. Sayğaca baxış keçirilərkən müəyyən edildi ki. mexaniki sayğacın üzərində sərfıyyat “02824” göstərilmişdir. Daha sonra sayğacın yerləşdiyi tikilidən çıxdıq, tikilinin qarşısında yerdə bir ədəd qırılmış qıfıl və onun hissəsi müəyyən edildi. Vaqif Qənbərov həmin qıfılın su sayğacının quraşdırıldığı tikilinin qapısının olduğunu və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC -nin Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən sındırılaraq içəriyə daxil olunduğunu bildirdi. Daha sonra Vaqif Qənbərov zavodun ərazisində olan artezian quyusunu göstərərək həmin quyudan su çıxarıldığını və həmin suyun texniki işlər üçün istifadə edildiyini bildirdi. Baxış zamanı iş üçün əhəmiyyətli başqa bir xüsusat müəyyən edilmədi. Baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Baxış keçirilərkən “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilərək protokola əlavə edildi. Hadisə yerində sübuti əhəmiyyətə malik başqa bir predmet aşkar edilmədi, hər hansı bir əşya götürülmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilərkən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən zavodda su sayğacına qanunsuz müdaxilə edilərək, boru vasitəsi ilə zavod ərazisinə sayğacdan kənar xətt çəkilmişdir. İş materiallarında olan Suraxanı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 may 2023-cü il tarixli qərarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin sudan qeyri-qanuni istifadə faktlarına müraciəti əsasında toplanmış hazırki material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”ın 8.7-ci maddəsinə və “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavə ilə müəyyən edilmiş “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair” cədvəlinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X10 ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kərpic zavodunda sudan qeyri-qanuni istifadə edilməməsinə və sayğaca müdaxilə edilməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X4 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs X8 həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar