Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2162/2024 09.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis bölməsinin polis leytenantı sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Laçın rayonu Alxaslı kəndində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağcabədi rayonunda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis bölməsindən daxil olmuş AZA seriyalı 022600 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16.30 radələrində PŞ-də əməliyyat qrupunda xidmətdə olan polis kapitanı Bəşir Nəcəfov və polis leytenantı Xəqani Mikayılov inzibati ərazisində Oqtay Şabanov küçəsində yerləşən kafedə bir nəfər şəxsin içkili halda münaqişə yaratması ilə əlaqədar ona zəng məlumatının daxil olmasını bildirmişdir. Dərhal əməliyyat qrupu həmin ünvana göndərilmiş və kafedə münaqişə yaradan Şəxs PŞ-yə gətirilən zaman sərxoş halda uca səslə nalayiq ifadələr işlədərək əməliyyat qrupunun üzvlərini təhqir etmiş, PŞ-nin saxlama yerinin giriş qapısına yumruq və təpik ataraq qeyri-etik davranışları ilə NH-nin iş rejimini pozaraq saxlama yerinə təbii ehtiyacını getmişdir. Şəxs sərxoş olduğu üçün sərxoşluq müayinəsindən keçirilmiş, orta dərəcə sərxoş olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis bölməsinin polis leytenantı sahə inspektoru X2 inzibati xəta haqqında protokolda və raportda qeyd olunanlara uyğun izahat verərək şəxs barəsində ədalətli inzibati tənbeh növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs bildirdi ki, kafedə yanında olan şəxslə birlikdə yemək yeyirdi. Kafenin sahibi Sevinclə aralarında əvvəlcə zarafatlaşma olmuş, lakin daha sonra mübahisəyə çevrilmişdir. Sevinc polis çağırdıqdan sonra polis onu və yanındakı şəxsi polis şöbəsinə aparmışdır. Polis əməkdaşlarına qarşı hər hansı təhqiredici ifadə işlətməmişdir. Sadəcə polis bölməsində olarkən öz təbii ehtiyacını qarşılamaq üçün tualetə getmək məqsədilə saxlanıldığı otağın qapısına yumruq atmış və daha sonra həmin otaqda təbii ehtiyacını ödəmişdir. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirə bilən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə görə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Ona görə də, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan AZA seriyalı 022600 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17.00-da tutulmuşdur, ona görə də, inzibati qaydada tutulmanın əvvəli onun saxlanıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə görə, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17.00-dan hesablansın. Qərarın icrası AR Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №3(010)-2162/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2162/2024
09.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver