Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2164/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Suraxanı rayon DYPŞ Yol patrul xidməti baş inspektoru polis leytenantı X1 iştirakı ilə, xx.xx.1990-cu ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan, "xxxx" MMC-də anbardar vəzifəsində işləyən, himayəsində 3 azyaşlı uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 10 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda idarə etdiyi “Mercedes Benz E200” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, avtoxuliqanlıq etmişdir. Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin baş inspektoru polis leytenantı X5 tərəfindən 10 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 10 may 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz E200” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Mərdəkan qəsəbəsi istiqamətində sürəti təxmini 120 km/saat-dan çox olmuşdur. Arxasında gələn avtomobildən xəbərsiz olmuş, sadəcə olaraq işə yubandığından avtomobili sürətli idarə etmişdir. Hazırda o, öz səhvini başa düşür və törətdiyi əməldən çox peşmandır. Bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş inspektoru polis leytenantı X5 izahatında göstərdi ki, Şəxs 10 may 2024-cü il tarixdə “Mercedes Benz E200”minik markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Mərdəkan qəsəbəsi istiqamətində “Mercedes Benz E220 CDİ” minik markalı, **-YG-*** dövlət qeydiyyat avtomobil ilə sürət yarışı keçirmiş, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, avtoxuliqanlıq etmişdir. Şəxs hərəkətlərində avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olduğundan, 10 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 may 2022-ci il tarixli, İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 may 2024-cü il tarixdə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə qərəzli hərəkətlər etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Suraxanı rayon DYPŞ Yol patrul xidməti tərəfindən təqdim edilmiş video-diskdə olan materiallardan görünür ki, “Mercedes Benz E200” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E220 CDİ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil çoxsaylı manevrlər edərək, aralarında yarış keçirilmiş, bundan başqa “Mercedes Benz E220 CDİ” minik markalı, **- YG-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü tərəfindən çəkilmiş video-görüntü ilə müəyyən edilir ki, hər iki avtomobilin sürəti 160 km/saat həddində olmuş, həmçinin hər iki sürücü Suraxanı rayon DYPŞ-də törətdikləri əməli etiraf etdiklərini və səmimi peşman olduqlarını bildirmişlər. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 3 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 2500 (iki min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 2500 (iki min beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2164/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2164/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver