Məhkəmə qərarları › İş №3(010)-2167/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2167/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2167/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Salyan, Xocalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 9-cu mikrorayon, Mir Cəlal küçəsi 63 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Əliyev X3 qəsəbəsində narkotik vasitələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğuna görə saxlanılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru, polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq məzmunda protokol tərtib olunduğunu bildirmiş, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, oğlunun hərbi xidmətdə olduğunu, digər oğlunun da yaxın vaxtda hərbi xidmətə gedəcəyini bildirərək ona kömək göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs AR CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 16:05-də tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1850 nömrəli rəyin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, ’’şübhəli şəxs: Şəxs götürülmüş.... (imza) Şəxs “ yazısı imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,107 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi, Şəxs barəsində AR.İXM-nin 206-cı maddəsinə əsasən inzibatitəsir tədbirləri görülməsi üçün toplanmış rədd materialın qəbul edilmiş qərarın surəti ilə birlikdə aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır; şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə azad olunmuşdur; inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA 024216 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:15-də inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 2911 nömrəli rəyin surətindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əliyev X2 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, şübhəli şəxs qismində tutulduğu iki gün müddət təyin olunmuş inzibati həbs müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə həbs növündə inzibati tənbeh saxlanılmalı, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla aşkar olunmuş narkotik vasitənin məhv edilməsinin göstərilməsi nəzərə alınmalı, ekspertiza xərci dövlətə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 17 may 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli 19 may 2025-ci il tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar