Məhkəmə qərarları › İş №3(010)-2171/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2171/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2171/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19.749 Avro 25 sent məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 13 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 19.749 Avro 25 sent məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 02 iyun 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs ilə “İXYS UK WESTCODE LTD” şirkəti arasında 20 aprel 2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Şəxs tərəfindən “İXYS UK WESTCODE LTD” şirkətinin hesabına 19.749 Avro 25 sent məbləğində vəsait köçürülmüşdür. Həmin vəsait hesabına alınan mallar Gürcüstan Respublikasında yerləşən nümayəndəliyin anbarına təhvil verilmiş, yaxın müddət ərzində Azərbaycan Respublikasına idxal ediləcəkdir. Buna görə də, X2 qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin köçürmə ərizəsindən görünür ki, Şəxs 13 may 2020-ci il tarixdə 19.749 Avro 25 sent məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “İXYS UK WESTCODE LTD” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 19 may 2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş qabaqcadan ödəniş cədvəlindən görünür ki, Şəxs tərəfindən 13 may 2022-ci il tarixdə 19.749 Avro 25 sent məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə işdə olan sübutlardan təsdiq olunur ki, 19.749 Avro 25 sent məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürüldüyü 13 may 2020-ci il tarixdən 02 (iki) il keçməsinə baxmayaraq, Şəxs tərəfindən həmin ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim edilməmiş və ya 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olan qeyd edilən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 064, 065, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın obyekti olmuş 19.749 (on doqquz min yeddi yüz qırx doqquz) Avro 25 (iyirmi beş) sent vəsaitin 20 (iyirm) faizi miqdarında, 3.949 (üç min doqquz yüz qırx doqquz) Avro 85 (səksən beş) sent məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar