Məhkəmə qərarları › İş №3(010)-2172/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2172/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2172/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X5 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs, 26 avqust 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində qonşuluqda yaşayan X2 döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində 13 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00-da yaşadığı evdə olan zaman küçədən səs-küy eşitmiş, o, anası Güllünün səsini eşidib məhləyə düşmək qərarına gəlmişdir. O, qardaşı Emin ilə həyətə düşmək istəmişdir. Özü birinci həyətə çıxmış, Emin pal-paltarını geyinənədək ləngimişdir. Həmin vaxt görmüşdür ki, anası Güllü ilə qonşu binada yaşayan Samirə Məmmədova sözlə mübahizə edirlər. Görmüşdür ki, Samirəni anası evinə aparır və Samirənin anası öz qızı Samirəyə irad bildirir ki, onun anası Güllü ilə işi olmasın. O, da öz anasının qoluna girib onu bloka tərəf aparmış, onlar blokda olan zaman Emin pilləkənləri düşmüşdür. Bütün göstərdiklərini nəzərə alıb inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. O, Samirəyə qarşı heç bir fiziki zor tətbiq etməmiş və onu döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, X6 onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 20:00-da yaşadığı evin həyətində dayanmışdır. Həmin vaxt Güllü Əhmədova digər məhlədə olan qadın ilə sözlə mübahisə edirdi, mübahisənin səbəbi isə Güllünün azyaşlı nəvəsi həmyaşıdı digər şəxs ilə mübahisə etməsi olmuşdur. Həmin vaxt onlara bildirmişdir ki, mübahisə etməsinlər. Bu səbəbdən Güllü onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. O, Güllüyə öz iradını bildirmiş, bu vaxt Güllünün iki oğlu Elçin və Emin yaxınlaşıb onu söyüb-təhqir etmişlər. Həmin vaxt Elçin onun sağ ayağına təpik atmış və əlini tutub sıxmışdır. Orada olan qonşular onları ayırmışlar. Həmin vaxt o, yaşadığı binanın blokuna gedən zaman Güllü və Emin ona blokda hucum etmişlər, lakin qonşular onlara imkan verməmişlər ki, onlar öz hərəkətlərini davam etdirsinlər. Bundan sonra DİN-nin “102” - xidmətinə müraciət etmişdir. Hazırda aralarında heç bir barışıq olmamışdır. Şəxs barəsində həbslə bağlı inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X7 bildirdi ki, X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində onunla qonşuluqda yaşayan Güllü Əhmədova və sonuncunun oğlu Şəxs mübahisə edərək onu təhqir etmiş, hədələmiş və döymüşdür. Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı polis mayoru Sail Hacıyev tərəfindən 09 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunmuşdur. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 09 may 2024-cü il tarixli Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı polis mayoru Sail Hacıyev tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ilkin araşdırma Suraxanı RPİnin 31-ci polis şöbəsinin təhqiqatçısı polis mayoru Telman Camalov tərəfindən aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin qərarın nəticə hissəsində tərəflərin əməllərində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olubolmaması barədə heç bir müddəa qeyd olunmamışdır. Bundan sonra zərərçəkmiş şəxsin şikayəti əsasında həmin qərar rayon prokurorluğunda ləğv edilmiş və yenidən araşdırmanın aparılması 31-ci polis şöbəsinin təhqiqatçısı Sail Hacıyevə həvalə edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın icrası aidiyyəti əməkdaşa göndərilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 28 avqust 2023-cü il tarixli 779 saylı ekspert rəyində göstərilmişdir ki, X1 müayinəsi zamanı sağ baldırın və sağ bazunun qançırları xəsarətləri müəyyən edildi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyalrın) təsirindən törənmiş, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3cü maddəsi nəzərə alınmaqla İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən “inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər”. Göründüyü kimi İXM-nin 157-ci maddəsi sağlamlıq əleyhinə olan inzibati xətalar fəslinə aiddir həmin həmin işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hadisənin baş verdiyi 26 avqust 2023-cü il tarixdən hazırkı günədək dörd aydan artıq müddət keçdiyindən şəxsin əməlində inzibati xətanın tərkibi olmuş olsa belə şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddə ilə başlanmış inzibati icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin maddə ilə başlanmış inzibati icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar