Məhkəmə qərarları › İş №3(010)-218/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-218/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-218/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə X1 nümayəndəsi X3 iştirakı ilə, Şəxs, xx xxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 1(101)- 1204/2016 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 1(101)-1204/2016 saylı icra sənədinə əsasən ondan 40.500 manat alınaraq X6 ödənilməlidir.O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki, o, onkoloji xəstədir və iki dəfə infakt keçirtmişdir. Əvvəl işləsə də, lakin hal-hazırda təqaüdçüdür. O, borcunu ödəməkdən imtina etmir. Borcunun təqaüd kartına yönəldilməsini xahiş edir.Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2016 saylı, 04 aprel 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 40.500 manat məbləğində pul X4 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış və könüllü icra üçün icra sənədi üzrə borcluya vaxt verilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Belə ki, Şəxs onkoloji xəstə olmasını, ayda 259 manat məbləğində təqaüd almasını əsas gətirərək borcunu ödəyə bilmədiyini və ayda 300 manat məbləğində ödəniş etməyə imkanı çatdığını bildirir. Lakin borclu bugünə qədər bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. X1 nümayəndəsi X7 məhkəmədə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2016 saylı, 04 aprel 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 40.500 manat məbləğində pul X4 xeyrinə tutulmalıdır. Lakin borclu borcunu ödəmir. Tələbkar şikayətçidir. Sonda Tələbkarın nümayəndəsi X7 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və tələbkar nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2016 saylı, 04 aprel 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 40.500 manat məbləğində pul X4 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 13 aprel 2017-ci il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2016 saylı, 04 aprel 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru isə ümumiyyətlə hər hansı bir məcburi icra tədbirləri həyata keçirdiyinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1, 63.1.1- 63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədi icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs 259 manat təqaüd almasına baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində müəyyən edilmiş həddə borclunun təqaüdünə yönədilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar olaraq iş materiallarına məcburi icra tədbirlərinin həyata keçirilməsinə dair ümumiyyətlə heç bir sübutun əlavə edilmədiyini, o cümlədən Şəxs 259 manat təqaüd almasına baxmayaraq tutmanın, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində müəyyən edilmiş həddə borclunun həmin təqaüdünə yönədilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2016 saylı, 04 aprel 2017-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar