Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2181/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. X5 şikayətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən barəsində qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 3(004)-2657/2023 nömrəli qərardadı ilə şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 285 saylı tam orta məktəbin direktor müavini olaraq, X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də onun İnzibati Xətalar Məcəlləsinin əmək qanunvericiliyinin pozulmasından bəhs edən 192.1-ci maddəsində (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi nəticəsinə gəlinmişdir. Qərar ona rəsmi qaydada xx.xx.2023-cü ildə təqdim edilmişdir. Aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərar”ını qanunsuz hesab edir. Belə ki, o, 2020-ci ilin oktyabr ayından Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək direktor vəzifəsini icra etmişdir. X6 xx.xx.2022-ci il tarixdə vakant olan yerə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən kimya müəllimi kimi müddətli müqavilə ilə işləmək üçün göndərilmişdir. Həmin tarixdə Bakı şəhər Təhsil İdarəsinin İnsan Resursları şöbəsinin məsləhətçisi Leyla Rzayevaya müəllimin əmrinin və elektron müqaviləsinin bağlanması üçün müraciət etmişdir. Leyla xanım çıxarışın təsdiq olunduğu tarixdə əmr verilməsini tövsiyyə etdi. Həmin tarixdə direktor vəzifəsini müvəqqəti icra etdiyindən elektron imza almamışdır. Elektron imzası olmayan şəxslərə Elektron müqavilənin bağlanması üçün BŞTl-də müəyyən vaxt təyin edilirdi və onlar ancaq orada elektron imzadan istifadə edə bilirdilər. Belə ki, direktor vəzifəsini əvəz etdikdə məktəbin elektron imza tələb edilən bütün işləri idarənin adından aparıldığından yalnız idarəyə gedib elektron imzadan istifadə etmək olurdu. X6 ilə müqavilənin bağlanması üçün o, təkrarən BŞTİ-nin İnsan Resursları şöbəsinə müraciət etmiş və məsləhətçi Leyla xanım əvvəlcə elektron imzanın işləmədiyini, daha sonra isə bir nəfər üçün yox, bir neçə nəfər yığıldıqdan sonra gəlmələrini istədi. O, xx.xx.2022-ci il tarixinədək direktor vəzifəsini icra etmiş, xx.xx.2022-ci il tarixindən analıq məzuniyyətinə çıxmış (məzuniyyətə çıxana qədər, 26 gün işlədiyi dövrdə müqavilənin bağlanması üçün bir neçə dəfə müraciət etmişdir. Müraciəti həm telefon zəngi, həm də whatsapp (səs və yazışma) vasitəsilə olub. Telefon zənglərinin qeydiyyatı müddət keçdiyinə görə yaddaşdan silinsə də, whatsapp yazışmalarındakı qeydlər qalır və onları disk üzərində şikayətinə əlavə edir. xx.xx.2022-ci il tarixindən işlədiyi məktəbə Çinarə Cəbrayılova direktor əvəzi təyin edilmişdir. Hər hansı səbəbdənsə, o, məzuniyyətə çıxandan sonrakı iki ay yarım müddətində də müəllimlə müqavilə bağlanması həyata keçirilməmişdir. Sözü gedən müəllimlə Elektron müqavilə xx.xx.2023-cü il tarixində bağlanıb. Müəllim əmək haqqını yalnız müqavilə bağlanan tarixdən ala bilib. Bununla bağlı DƏMXİ-sinə ərizə ilə müraciət edib. Bunun əsasında söhbət aparılarkən məktəbin cərimə olunacağını bildiriblər. Müəllim şikayətini könüllü olaraq geri götürmək üçün yenidən DƏMXİ müraciət edib. Lakin buna baxmayaraq, qərarda 3000 manat cərimə yazılmışdır. Sadaladıqlarını təsdiq edir ki, onun tam orta məktəbin direktor vəzifəsini icra edərkən müəllimə X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb etməkdə təqsiri olmamışdır. Məhkəmə iclasında X5 şikayətin məzmuna uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X8 məhkəmədə bildirdi ki, X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət daxil olmuşdur. Müraciətlə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, X7 ilə 05 oktyabr 2022-ci ildə əmək müqaviləsi bağlanmış, lakin müqavilə elektron sistemə vurulmamışdır. Bununla da, E.Cəfərovanın hüquqları pozulmuşdur. X7 05 oktyabr 2022-ci ildən 01 yanvar 2023-cü ilədək məktəbdə işləmişdir. İnzibati xətanın törədilməsinin Bakı şəhəri 285 saylı tam orta məktəbi özü də təsdiq edir. Əmək müqaviləsinin bağlanması barədə bildiriş elektron sistemə daxil edilməyibsə, şəxs işləyə bilməz. Bakı şəhəri 285 saylı tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış məktubda səbəb kimi elektron imzanın olmaması səbəb gətirilsə də, bu səbəb ola bilməz. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X1 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X5 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. İşdə olan mövcud sübutlardan göründüyü kimi X1 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 13 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X5 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2181/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2181/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver