Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2184/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin iştirakları ilə, xx xxxx 1988-ci ildə İsmayıllı rayonu, Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkum olunmayan, İsmayıllı rayonu, Lahıc qəsəbə Ə/D, Lahıc qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadənin tərtib etdiyi inzibati xəta haqqında 21 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün həmin tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(010)-2719/2022 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən iş üzrə qəbul edilmiş Suraxanı rayon Məhkəməsinin e- MTT(010)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınmaqla Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 xeyrinə hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş 21 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Nicat Vəlizadə məhkəmə iclasında izahatında bildirdi ki, İsmayıllı rayon İcra şöbəsində 23 noyabr 2022-ci il tarixdə müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Şəxs icra şöbəsində olmuş, ona tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuş və özü şəxsən həmin bildirişə imza etmişdir. Borclunun izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi vəsait və ya əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə borclu Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə borclunun qeydiyyatda olduğu İsmayıllı rayonu, Lahıc qəsəbəsi ünvanına baxış keçirilmiş, lakin borclunun həmin ünvanda olmadığı məlum olmuşdur. 23 avqust 2024-cü il tarixdə borclunun barəsində axtarış elan olunmuşdur. 31 oktyabr 2024cü il tarixdə icra sənədi ərazi aidiyyəti üzrə İsmayıllı rayon İcra Şöbəsindən Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə icra işi şöbənin icraatına daxil olmuşdur. X2 xx.xx.2024-cü il tarixdə Suraxanı rayon İcra Şöbəsinə ərizə yazaraq bildirmişdir ki, borclu Şəxs ona ödənilməmiş 11.966 manat aliment borcu vardır. Həmin borcdan bu günə kimi heç bir ödəniş etməmişdir və borcunu ödəməkdən yayınır. Onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 21 yanvar 2025-ci il tarixdə tərəfindən borclu Şəxs barəsində yenidən axtarış elan olunmuşdur. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları vasitəsi ilə borclu icra şöbəsinə gətirilmiş, borcunu ödəməsi tələb olunsa da heç bir ödəniş etməmiş, buna görə də onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)-1181/2025 saylı qərarı ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Tələbkar borcludan şikayətçidir və borcun hissə-hissə yox tam ödənilməsini tələb edir. Borclu aliment borcundan hissə-hissə ödənişlər etsə də onun hazırkı günə 13510 manat ödənilməli aliment borcu qalmışdır. İcra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə həmin tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək izahatında göstərdi ki, aliment borcundan hissə-hissə nağd olaraq ödənişlər etmişdir. Tələbkara ümumilikdə hissə-hissə qeyri rəsmi olaraq 2895 manat ödəniş etmiş, lakin həmin ödənişlərin qəbzi yoxdur. Tələbkara borcun yarı hissəsini ödəsə onun dediklərini təsdiq edəcəkdir. Tələbkar ilə aralarında olan razılığa əsasən hər ay tələbkara bir uşağın aliment borcunu 193 manat ödəməli olduğunu bildirmişdir. Birdəfəlik aliment borcunu ödəməyə imkanı yoxdur. Hazırda yalnız aliment borcundan hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Əvvvəllər iş yeri olsa da hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2025-ci ilin mat-aprel ayı ərzində 386 manat ödəniş etmişdir. Barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 500 manat cərimə inzibati tənbehi tətbiq edilmişdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən borclu Şəxs qısa müddət ərzində tələbkara nə qədər ödəniş edə biləcəyi ilə bağlı soruşulduqda o, hər ay hissə-hissə ödəyə biləcəyini, lakin yığılmış tam aliment məbləğini ödəmək iqtidarında olmadığını bildirdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hazırda işlədiyi üçün məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, X1nın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(010)-2719/2022 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən iş üzrə qəbul edilmiş Suraxanı rayon Məhkəməsinin e-MTT(010)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınmaqla Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 xeyrinə hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2(010)- 2719/2022 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə İsmayıllı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 23 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, 23 noyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2(010)-2719/2022 saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu İsmayıllı rayonu, Lahıc qəsəbəsi ünvanına baxış keçirilmiş, lakin borclunun həmin ünvanda olmadığı məlum olmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, icra sənədi ərazi aidiyyəti üzrə İsmayıllı rayon İcra Şöbəsindən Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. X2 xx.xx.2024-cü il tarixdə Suraxanı rayon İcra Şöbəsinə ərizə yazaraq bildirmişdir ki, borclu Şəxs ona ödənilməmiş 11.966 manat aliment borcu vardır. Həmin borcdan bu günə kimi heç bir ödəniş etməmişdir və borcunu ödəməkdən yayınır. Onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 21 yanvar 2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 1181/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin iş üzrə protokola əsasən aliment borcunun məbləği 12.738 manat təşkil etmişdir. X2 xx.xx.2025-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsinə ərizə yazaraq bildirmişdir ki, borclu Şəxs ona ödənilməmiş 12.916 manat aliment borcu vardır. Həmin borcu ödəməkdən yayınır. Onun barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Hazırkı iş üzrə borclunun iş yeri, əmək haqqı, sair gəlirləri, daşınar və ya daşınmaz əmlakının olması müəyyən edilməmişdir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaq hüquqları haqqında Qanunun 19-cu maddəsinə səasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Şəxs bundan əvvəl də 05 mart 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmçinin o, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında qeyd olunan əməlin hər ikisini törətmişdir. Belə ki, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, çağırışlarına gəlməmiş, barəsində iki dəfə axtarış qərarı qəbul olunmuş, bundan başqa icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə aliment borcunu ödəməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin onun 21 yanvar 2025-ci il tarixdən axtarışda olmaqla icra məmurunun çağırışlarına gəlməməsi və hazırki günə 13510 manat aliment borcunun olması, tələbkarın borcu tam olaraq tələb etməsi, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə 05 mart 2025-ci il tarixdə 500 (beş yüz) manat cərimə olması Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək daha ciddi inzibati tənbehlə cəzalandırılmasına əsasdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Bundan başqa tələbkar yığılan 13510 manat aliment borcunun hissə-hissə ödənilməsi ilə qəti olaraq razı deyil və borcun tam məbləğdə ödənilməsini tələb edir. Həmçinin İXM-nin Qeydində bu Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunması nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40, 43, 48-51, 55, 114-115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı qərarın elan olunduğu 21 may 2025-ci il tarixdən, saat 16:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2184/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2184/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver