Məhkəmə qərarları › İş №3(010)-220/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-220/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-220/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx 2ci qrup əlil, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng mərkəzi sisteminə müxtəlif tarixlərdə mobil telefon vasitəsi ilə çoxsaylı zənglər edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarını nalayiq ifadələr işlətməklə, təhqir etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 16 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən etiraf edərək göstərdi ki, o, şəkər xəstəsidir və 2-ci qrup əlildir. X2 onu öldürməklə hədələdiyi üçün o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng mərkəzi sisteminə zəng edərək həmin şəxsdən şikayət etmişdir. Lakin, zəng zamanı ona cavab verən xanım ondan dəfələrlə özünü təqdim etməyi tələb etdikdə, o, elə düşünmüşdür ki, əməkdaşlar onunla zarafat edir. Buna görə də, o əsəbləşərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng mərkəzi sisteminin əməkdaşına nalayiq sözlər demişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng mərkəzi sisteminin əməkdaşlarının iş fəaliyyətinə mane olmaq üçün deyil, sadəcə olaraq onu ölümlə hədələyən şəxs barəsində tədbir görülməsi üçün yığmışdır. Belə ki, o, tək yaşayır və onu ölümlə hədələyən qonşusu barədə tədbir görülmədiyi üçün, məcbur qalıb dəfələrlə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sonda Şəxs 2-ci qrup əlil olmasını, tək yaşamasını, xəstə olmasını nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X3 göstərdi ki, Şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng mərkəzi sisteminə müxtəlif tarixlərdə mobil telefon vasitəsi ilə zəng edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarını nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdaretmə Xidmətindən Şəxs barəsində müvafiq tədbir görülməsi üçün 30-31 dekabr 2023cü il tarixlərdə məktublar daxil olmuşdur. Buna görə də, Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510cu maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdaretmə Xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəliyevin 30 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 24 dekabr 2023-cü il tarixdə saat 21:17-də ünvan 2-də yaşayan Şəxs (012)-457-95-43 nömrəsindən “102” Xidmətinə zəng edib, məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdaretmə Xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəliyevin 31 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 20 dekabr 2023-cü il tarixdə saat 21:57-də ünvan 2 ünvanında yaşayan Şəxs (012)-457-99-42 nömrəsindən “102” Xidmətinə zəng edib, məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinin 29 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan Şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Sərdar Səfərovun Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ünvanladığı 31 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan Şəxs (***-***-**-**, ***-***-**-**) X2 tərəfindən rahat yaşayış hüquqlarının pozularaq, təzyiqlərə məruz qalması ilə bağlı şikayətlərinə 30-cu Polis şöbəsində obyektiv baxılmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətlərinə Bakı Şəhər BPİ-də baxılmışdır. Müəyyən edilmişdir ki, Şəxs bu və ya digər xarakterli çoxsaylı müraciətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsində və ərazi polis orqanlarında müvafiq təhqiqat və istintaq araşdırmaları aparılaraq mütəmadi olaraq qonşuları ilə mübahisələr yaratdığı üçün münaqişəli ailə kimi qeydiyyata alınmış və ətraflarında zəruri-profilaktik tədbirlər davam etdirilir. Məlum olmuşdur ki, xx xxxxxx 1964-cü il təvəllüdlü Şəxs 1996-cı ildən 23 saylı şəhər poliklinikasında kəllə-beyin travması ilə qeydiyyatdadır və 2-ci qrup müddətsiz əlildir. Araşdırma nəticəsində Şəxs qonşusu Zamin Əsədov tərəfindən hədələrə məruz qalması barədə müraciətdə göstərilən xüsusatlar təsdiq olunmamış, bununla yanaşı ətraflarında zəruri profilaktiki tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti xidmət əməkdaşına müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Sərdar Səfərovun Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ünvanladığı 23 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ev 7, mənzil 8-də yaşayan Şəxs qonşuları tərəfindən rahat yaşayış hüquqlarının pozulması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin polis sahə rəisi Bəxtiyar Məmmədov tərəfindən tədbir görülməməsi və sonuncu tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Araşdırma zamanı sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin X4 Xidmətindən daxil olmuş məktubdan məlum olmuşdur ki, Şəxs tərəfindən 2018-ci ildən hazırkı günədək “102" Xidməti Zəng mərkəzi sisteminə daxil olmuş bu və ya digər məzmunlu ümumilikdə 1422 müraciətdən 85-i qeydiyyata alınaraq araşdırılmış və həmin müraciətlər əsasında Bakı şəhər BPİ-də və ərazi polis orqanlarında müvafiq təhqiqat və istintaq araşdırmaları aparılaraq görülmüş işlərin nəticəsi barədə vətəndaşa məlumatlar verilmişdir. Müəyyən edilmişdir ki, Şəxs 1996-cı ildən 23 saylı şəhər poliklinikasında kəllə-beyin travması ilə qeydiyyatdadır və 2-ci qrup müddətsiz əlildir. Araşdırma nəticəsində Suraxanı RPİ-nin 30cu Polis şöbəsinin polis sahə rəisi Bəxtiyar Məmmədov tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətdə göstərilən xüsusatlar təsdiq olunmamış, bununla yanaşı qonşuların ətrafında zəruri profilaktiki tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti xidmət əməkdaşına müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə 2-ci qrup əlil olmasını nəzərə alır. Məhkəmə Şəxs 2-ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs 2-ci qrup müddətsiz əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İş materialları ilə Şəxs İXM-nin 510-cu maddəsindəı nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş Suraxanı RPİnin 30-cu PŞ-nin sahə rəisi Bəxtiyar Məmmədovun izahatı, iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və 102 xidməti zəng mərkəzinə aid 2 ədəd səs yazılarını özündə əks etdirən CD disk ilə kifayət qədər sübuta yetirilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını, Şəxs yaşını, 2-ci qrup əlil olmasını və poliklinikada kəlləbeyin travması ilə qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiqi kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar