Məhkəmə qərarları › İş №3(010)-2200/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2200/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2200/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X10, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4, icra sənədi üzrə tələbkarlar X7 nümayəndəsi və vəkili X2 və X5 iştirakı ilə, Şəxs, xx xxxxx 1989-cu ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Zaqatala rayonu, Göyəm ərazi dairəsi, Göyəm kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Zaqatala rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(033)-576/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs cəmi 10.030 manat məbləğində pul X5 xeyrinə tutulmalıdır. Bundan başqa Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(008)-3957/2022 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs cəmi 21.283 manat məbləğində pul X7 xeyrinə tutulmalıdır. Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. X3 6000 manat məbləğində borcu qalıb, sonuncunun istədiyi qədər borcu yoxdur. X12 istədiyi digər məbləği ödəmişdir. Yelenaya isə 1000 manat Zaqatalada, 300 manat isə Bakıda ödəmişdir. İcra sənədi üzrə mütəmadi ödənişlər edir. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X14 bildirdi ki, borclunun əməlində inzibati tərkib yoxdur. Himayəsində azyaşlı uşağı var, mütəmadi ödənişləri mövcuddur. İş üzrə üzürsüz səbəb də müəyyən edilmədi. Həmçinin icra işinin pozuntular ilə aparıldığını hesab edir. Sonda müdafiəçisi X14 qeyd etdiklərimə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlərlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədlərinin icrasını tam təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Beləliklə borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməməklə bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs onun qanuni tələblərini yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X9 məhkəmədə bildirdi ki, borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini tam icra etməkdən boyun qaçırır. Borclu ona cəmi 300 manat ödəniş edərək, hər ay mütəmadi ödənişlər edəcəyini bildirsə də, lakin hələ də, ödəniş etməmişdir. Belə ki, borclu sonuncu dəfə aprel ayında ödəniş etmişdir. O, borcludan şikayətçidir. X1, borclu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İcra sənədi üzrə tələbkar X7 nümayəndəsi və vəkili X6 məhkəmədə bildirdi ki, borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini tam icra etməkdən boyun qaçırır. Protokol əsaslı tərtib edilmişdir. Üzürlü səbəblərin mövcudluğuna dair qarşı tərəf sübutlar təqdim etməlidir lakin təqdim etməyib. Borclu Dönməzə olan borcundan cəmi 6000 manatı qəbul edir. Bu da onu göstərir ki, borclunun ödəniş etmək niyyəti yoxdur. Buna görə də, borclu barəsində ağır həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, icra sənədi üzrə tələbkarı və icra sənədi üzrə digər tələbkarın nümayəndəsini və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(033)-576/2021 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs cəmi 10.030 manat məbləğində pul X5 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 08 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zaqatala rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(033)- 576/2021 nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 08 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, Zaqatala rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(033)- 576/2021 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(008)-3957/2022 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs cəmi 21.283 manat məbləğində pul X7 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(008)-3957/2022 nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 14 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(008)-3957/2022 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcu tam icra etməmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs himayəsində 16 avqust 2013-cu il təvəllüdlü Nuran adlı uşağı var. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar