Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2200/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun, İnzibati xəta törətmiş şəxs Şəxs, X1, X2 iştirakları ilə, xx.xx.1966-cı ildə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8276/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1418/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 27 may 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs 6030 manat B.Rəcəbovanın, 4930 manat K.İsgəndərovanın və 23730 manat Ş.Quliyevin xeyrinə tutulmalıdır. Borclu məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, icraatında Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 3 qətnamə üzrə icra işi vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8072/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 6030 manat məbləğində borc pul Bahar Rəcəbova ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8276/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 4930 manat məbləğində borc pul Könül İsgəndərovaya verilməldir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1418/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 23730 manat məbləğində borc pul Şakir Quliyevə ödənilməlidir. Bu icra sənədləri üzrə borclunun əmlak vəziyyəti yoxlanılmış və borc məbləğinin yönəldiləcəyi əmlak vəziyyəti aşkar edilməmişdir. Borclu axtarışa verilmiş və onun yanına gətirilmişdir. Borclu bildirir ki, 6030 manat məbləğində pulu Bahar Rəcəbovaya, 4930 manat məbləğində borc pul Könül İsgəndərovaya vermişdir. 23730 manat məbləğində borc puldan 730 manatı Şakir Quliyevə vermiş, 23000 manat borcu qalmışdır. O, tələbkarlardan ikisinə borcunu ödədiyini bildirsə də, tələbkarlar bunu qəbul etmirlər. Şakir Quliyev isə 730 manat pulun ödənildiyini təsdiq edir. Əlyazma təqdim edilərək pulun alınmasını bildirmişdir, ancaq xanım onun xətti olmadığını bildirir. Bahar Rəcəbova ilə əlaqə saxlanıldı və o da pulu almadığını bildirdi. Lakin iş materiallarında əlyazma var, borclu pulu təqdim edib. İş materiallarında qətnamə çıxarılmadan əvvələ - xx.xx.2019-cu ildə 200 manat ödəniş edilməsinə dair əlyazması var. Qeyd olunanlara əsasən borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun barəsində daha əvvəl hökm çıxarılmı və qolbaq verilmişdir. Qolbaqla bağlı bir çox yerlərə işləmək üçün müraciət edə bilmir. Həmçinin, bir neçə xəstəlikdən də əziyyət çəkir. Quliyev Şakirə borcu olduğunu etiraf edir. Könül İsgəndərova icra şöbəsinə əlyazısı ərizə ilə müraciət edərək onun barəsində qanuni tədbirlərin görülməsini tələb etmişdir. Həmçinin, ona tam ödəniş olunmasına dair ərizə də verilmişdir. Hər iki ərizə uyğunlaşdırıldıqda imzalar fərqli olsa da, əlyazısı eynidir. Həmçinin, Bahar Rəcəbovaya da eyni hal aiddir. Onlar bu əməlləri ilə ondan mənəvi zərəri tələb edirlər. O, işləmədiyi üçün qohum-əqrəba ona köməklik edir. O, ödəniş etməkdən yayınmır və iyun ayından yenidən ödənişlər edəcək. O, məhkəmənin hökmündən sonra X7 metrosunda ödəniş etmiş, Könül İsgəndərova da öz xətti ilə tam ödəniş olmasına dair qeyd edib ona vermişdir. Hökm çıxarılmadan əvvəl məhkəmə gedişatında onlara notariat vasitəsi ilə ödəniş edilməsi və barışıq olması təklif edilmişdir. Onlar da notarial qaydada ərizə bağlayaraq saziş imzalamışlar. 2 il müddətində həmin məbləği ödəməli idi, o da 200-300-800 manat məbləğində həm əlbəəl, həm də qəbz vasitəsi ilə ödənişlər etmişdir. Qəbzləri icra şöbəsində icra məmuru Teymur Bayramova təqdim etmişdir. Hissə-hissə ödənişi tam ödədikdən sonra Könül İsgəndərova ona əlyazısı verərək borcunun tam ödənildiyini təsdiqləmişdir. Ödəniş etməsinə dair qəbzlər iş materiallarındadır. Hökm çıxarıldıqdan sonra təxminən dekabr ayında tam ödəniş edilməsinə dair Könül İsgəndərova tərəfindən əlyazısı verilmişdir. Əgər bu fakt inkar edilirsə, ekspertiza təyin edilə və əlyazısı yoxlanıla bilər. Cinayət işi bağlandıqdan sonra tam ödəniş edilmiş, sonradan isə tələbkarlar məhkəməyə mülki qaydada müraciət etmişlər, ola bilsin ki, ondan mənəvi zərəri tələb etmişlər. Hər qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamələr qüvvədə qalmış, sonradan kassasiya şikayəti vermiş, qətnamələr orada da qüvvədə qalmış və sonradan qanuni qüvvəsini almışdır. O, borc məbləğini ödəmiş, artıq borcu yoxdur, yalnız Şakir Quliyevə borcu qamışdır. Ona hazırda 150 manat ödəniş edə bilər və iyun ayından başlayaraq yenidən ödənişlər edə bilər. Onun kürəkəninin torpaq sahəsi var, torpaq satıldıqda dərhal tam məbləğdə ödəniş edəcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş X4 izahat verərək bildirdi ki, 2019-cu ildə cinayət işi açılmış və orada hissə-hissə 200-300 manat pullar vermişdir. Borclu həmin vaxt 8000 manat pul borclu idi və ödəniş etdikdən sonra 5000 manat borcu qalmışdır. Sonuncu dəfə pandemiyadan əvvəl 26 fevral tarixində Neftçilər ərazisində İcranın qarşısında ona 100 manat ödəniş etmiş və 4900 manat borcu qalmışdır. Həmin vaxtdan sonra 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsində borclu Şəxs görmüşdür. X11 da olmuşdur, iddia onların xeyrinə təmin edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdi və orada da 4930 manat məbləğində borc pulun tutulması barədə qərar qəbul edildi. Sonuncu dəfə şəxsi orada məhkəmədə və bugün məhkəmədə görmüşdür. Onun dediyi kimi Koroğluda piramida qarşısında riyaziyyat dəftərinin vərəqində əlyazısı ilə yazaraq 100 manat aldığını qeyd etmişdir. O, 4900 manat borcdan 3000 manatının ödənildiyi halda qalan məbləği istəməyəcəyini bildirdi. O, pulunun ödənilməsini, əks halda həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında X9 Əjdər oğlu izahat verərək bildirdi ki, əvvəlki məhkəmə iclasında 200 manat ödəniş etmiş, sonradan o Gürcüstana getmiş, borclu da 2 dəfə 100 manat olmaqla 200 manat pul göndərmişdir. Həmin vaxtdan sonra heç bir ödəniş etməmişdir. Hazırda 23000 manat borcu olduğunu qeyd etdi, əgər həmin borcdan 15000 manatı nağd şəkildə ödəyərsə, qalan məbləği ondan almayacağını bildirdi. O, pulunun ödənilməsini, əks halda həbs olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8276/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1418/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8276/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı X3 xeyrinə 4900 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1418/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı X8 xeyrinə 23700 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(060)-8276/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(060)-1418/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-cü il tarixdən saat 16:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2200/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2200/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver