Məhkəmə qərarları › İş №3(010)-2204/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2204/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2204/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X3 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 30 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 2 saylı uşaq evində X2 nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 31 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək, göstərdi ki, uşaq evində Ümid adlı uşaq var. Həmin uşaq ona yaxınlaşanda uşağın kefsiz olduğunu görmüşdür. O, Ümiddən kefsiz olmağının səbəbini soruşsa da, sonuncu ona cavab verməyərək çıxıb getmişdir. Daha sonra Aysel Zahidova ona yaxınlaşaraq iradını bildirdi. Aysel Zahidova ondan uşaqlar ilə nəyə görə danışdığını soruşdu. X2 təhqir etməmiş və söyməmişdir. Sonda Şəxs məhkəmədən əməlində hər hansı bir inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X5 göstərdi ki, Şəxs, 30 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 2 saylı uşaq evində X4 nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxsun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmdə göstərdi ki, Şəxs ilə buna qədər artıq bir neçə dəfə problem yaşayıblar. Uşaq evində müəyyən uşaqlar var ki, onlar aqressiv uşaqlardır. Şəxs həmin uşaqlar ilə danışaraq onları daha da aqressivləşdirir. Elçinə hadisə günü yaxınlaşarq bildirmişdir ki, müəsssisənin uşaqları ilə danışmasın. Şəxs isə cavabında onu söyərək təhqir etdi. Daimi olaraq spirtli içki qəbul edir və uşaqların yanında siqaret çəkərək onların tərbiyəsinə pis təsir göstərir. Sonda zərərçəkmiş şəxs X4, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 2 nömrəli Uşaq Evinin direktoru tərəfindən verilmiş 30 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəxs 2019-cu il tarixdən Bakı şəhəri Suraxanı rayonu 2 nömrəli Uşaq Evində sürücü vəzifəsində işləyir. Şəxs uşaq evində işlədiyi müddət ərzində qadın kollektivi olmasına baxmayaraq bütün işçilərlə mübahisə edərək, onları təhqir etmişdir. Böyük yaşlı uşaqları öyrədərək müəllimlərin sözlərinə qulaq asmamaqla onları aqressiv vəziyyətə gətirmişdir. Şəxs müəssisə daxilində böyük və kiçik yaşlı uşaqların gözü önündə mütəmadi olaraq siqaret çəkməklə onlara pis nümunə olmuşdur. Şəxs müəssisənin iş rejimini mütəmadi olaraq pozmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 31 may 2023cü il tarixdən, saat 16:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar