Məhkəmə qərarları › İş №3(010)-2208/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2208/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2208/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Lənkəran rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(049)- 1624/2019 saylı icra vərəqəsi üzrə yaranmış 14.070 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, borcundan yayınmır sadəcə olaraq maddi cəhətdən imkanım yox idi. Hazırda icra sənədi üzrə yaranmış aliment borcundan tələbkara 3500 manat ödəniş etmişdir. Bundan sonra icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək üçün əlindən gələni edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin onun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun izahatları alınarkən ondan borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq tələb hazıradək təmin olunmamışdır. Dəfələrlə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbləri izah olunmaqla inzibati məsuliyyəti barədə xəbərdarlıqlar edilmişdir. Borclu Şəxs icra sənədinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq aliment ödəməkdən yayınmış, görülən məcburi icra və məsuliyyətə cəlb etmə tədbirlərindən heç bir nəticə çıxarmamış, 14.070 manat borcunu ödəməməklə icra məmuru kimi onun qanuni tələblərini icra etməmiş, onun çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 3500 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Lənkəran rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(049)-1624/2019 saylı qətnaməsinə dair icra sənədi üzrə tələbkar X1 ümumilikdə 3500 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Lənkəran rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(049)- 1624/2019 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar