Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-221/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X11 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, X3 iştirakı ilə, X11, 05 aprel 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: 6GCGPXF, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 24 yanvar 2022-ci il tarixdə X11 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X16 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 03 fevral 2022-ci il tarixdə X11 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X16 göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 24 yanvar 2022-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir.Bildirmək istəyir ki, 22 yanvar 2022-ci il tarixdə anası X1 respirator çatışmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Dini adət ənənələrinə uyğun olaraq, o və ailə üzvləri 22 yanvar 2022-ci il tarixdə anası X4 dəfn ediblər. 24 yanvar 2022-ci il tarixdə babası X6 yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında nənəsinin rəhmətə getməsini və babasını ziyarət etmək məqsədi ilə əlaqədar, anası X17 ilə birlikdə gediblər. Babasının evində bir neçə yaxın qohumları ziyatərə gəlmişdilər. Ünvanda olanların hər biri ailə üzvü olmuşdur. Bu barədə X14 arayışı vardır. Kimi evdə, kimi həyətdə oturublar. Saat təxminən günorta 12 radələrində qəfildən babasının həyətinə Suraxanı RPİ-nin 31-ci PBnin əməkdaşları kobudcasına daxil oldular. Həyətdə olanlar hansı səbəbdən ünvanına kobudcasına daxil olduqlarını soruşanda, polis əməkdaşları orda olan hər kəsdən şəxsiyyət vəsiqəsini tələb edərək, Covid-19 pasportlarının olub-olmamasının yoxlanılması səbəbini söylədilər. Bu çox qəribə və anlaşılmayan bir haldır. O, və ailə üzvləri evdə nənəsinin dünyasını dəyişməsinin kədərini yaşadıqları halda, polis əməkdaşları ünvanına icazəsiz girib, onun və yaxınlarının qeyri qanuni olaraq Covid-19 pasportunu yoxlayırlar. Harada görünüb ki, sakit vətəndaşın evinə, məhkəmənin qərarı olmadan kobudcasına daxil olub, onunla belə davransınlar. Nə o, nə də, onun ailə üzüvləri və atasının evində olan bir iki xalası uşaqları heç bir qanunsuz iş görmədikləri halda polis əməkdaşları onların dediklərinə məhəl qoymayaraq, evdə olan hərkəsin şəxsiyyət vəsiqələrini götürüb, əllərində olan telefon vasitəsi ilə şəxsiyyət vəsiqələrinin şəkillərin çəkdilər.Sonradan dayısı X13 zorla, heç bir əsas olmadan Suraxanı RPİ-nin 31ci Polis Bölməsinin inzibati binasına apardılar. Bir neçə saatdan sonra dayısı evə qayıtdı. Bölmədə baş verənləri onlara danışdı. Danışdıqlarından ona və digər ailə üzvlərinə belə məlum olmuşdur ki, dayısı X10 polis əməkdaşları 31-ci Polis Bölməsində məcburi izahat almaq istəsələr də, dayısı X18 həmin günün necə olması barədə izahat verməyə başlamış, lakin bölmənin polis əməkdaşı dayısının dediyi kimi yox, Müqəddəs adlı polis əməkdaşının onunla kobud rəftar etdiyini, polis əməkdaşının dediyi sözlər üzrə dayısı X10 izahatının verilməsini tələb etdiyini, izahatın onun dediyi kəlmələri izahata yazmadığı səbəbindən yazdığı izahatı yarımçıq saxlayaraq, ona bütün qohumlarının cərimə ediləcəyini qərəzli söylədiyini bildirmişdir. Sonradan, ona və qohumlarına cərimələndikləri barədə mobil telefonlarına smslər daxil olmuşdur. Bir daha qeyd etmək istəyir ki, o və digər ailə üzvləri 24 yanvar 2022-ci il tarixdə babası X7, dayısı X18 ilə birlikdə yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci köndələn küçəsi, 5 saylı fərdi yaşayış evinə baş çəkməyə və dünyasını dəyişmiş nənəsinin acısını sakitləşdirmək üçün oturublar. Ünvanda heç bir yas məclisi təşkil edilməmişdir. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin ona, ailə üzüvlərinə və yaxın qohumlarına tərtib etdiyi protokol və qərarlar qanunsuzdur. O və yaxın qohumları Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin barələrində tərtib etdiyi protokol və qərardan narazı olduğuqları üçün, dayısı X18 rəsmi ərizə ilə 31-ci Polis Bölməsinə müraciət edərək, ərizədə adları sadalanan şəxslərin inzibati tənbeh edilmələri barədə protokollların surətinin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. 31 yanvar 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci Polis X2 bölməyə müraciət etdiyi ərizəyə uyğun olaraq, ona və yaxın qohumlarının hər birinə barələrində tərtib edilmiş protokol və qərarın surəti verilmişdir. Protokol və qərarları aldıqları zaman imza çəkib aldıqları günün tarixini qeyd etmək istəyəndə bunun vacib olmadığı onlara bildirilmişdir. X5 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, X8 göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə ərazidə xidmət aparırarkən, yas mərasimi keçirilməsi barədə məlumat almış və qeyd edilən həmin ünvana digər polis əməkdaşları ilə birlikdə gəlmişlər. Həmin ünvanda 50-dən çox adam olmuşdur. Qaraja oxşar bir yer idi və həmin yerə stol-stullar qoyulmuş, masanın üzərində çay və digər qida məhsulları qoyulmuşdu. O, digər polis əməkdaşları ilə birlikdə həmin məkana daxil olaraq, orada karantin qaydalarını pozduğu üçün şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib etdiyi protokol tam əsaslıdır və şikayətin rədd edilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi rejimin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 400 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılmışdır. Beləliklə, işin faktiki hallarından müyyən olunur ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq “ölkə ərazisində dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinin qadağan olunması” barədə qaydaları 24 yanvar 2022-ci il tarixdə, yəni X16 tərəfindən yas mərasiminin təşkil olunduğu gün qüvvədə olmuşdur. Bununla da, X16 tərəfindən karantin qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X11 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X16 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X11 şikayəti rədd edilməli, 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X11 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X26 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-221/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-221/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver