Məhkəmə qərarları › İş №3(010)-2211/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2211/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2211/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxx 1958-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 1372 manat məbləğində borcu və üzərinə qoyulmuş ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmək vəzifəsini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onunla Abbasova Həqiqət 1986-cı ildən qonşudurlar. Abbasova Həqiqətin psixi problemləri var. Belə ki, Abbasova Həqiqət evinə baxış keçirtməyə icazə vermirki onlar həmin suyun haradan axdığını müəyyən edə bilsinlər. O, tam olaraq evi təmir etdirmişdir və hal hazırda onun evindən qaynaqlanan problem yoxdur. Öz hesabına tələbkarın kanalizasiya borularını belə dəyişdirmişdir, lakin tələbkar ondan yenidən yeni turbalar alıb verməyini tələb edir. O, tələbkara görə mübahisəli mənzildən köçmüş və həmin mənzili kirayəyə vermişdir. Tələbkar özü gətirib su tökür və daha sonra onun mənzilin həmin suyun axıdıldığını iddia edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan sonra Şəxs ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmişdir. Lakin tələbkar hələ də, onun mənzilinə su axıdıldığını və borcludan şikayətçi olduğunu bildirir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərdi ki, məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra Şəxs kanalizasiya borularını təmir etdirmişdir. Lakin, bugünə qədər onun mənzilinə suyun axıdılması davam edir. O, borcludan şikayətçidir. X2 borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 1372 manat məbləğində pul tutularaq X4 ödənilməlidir. Şəxs üzərinə gələcəkdə iddiaçı X1 mənzilinə su axıdılmasının qarşısının alınması üçün yaşadığı ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmək vəzifəsi qoyulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 23 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatdan müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)- 2001/2022 nömrəli qətnaməsi ilə üzərinə qoyulmuş gələcəkdə iddiaçı X1 mənzilinə su axıdılmasının qarşısının alınması üçün yaşadığı ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmək vəzifəsini icra edərək, ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmişdir. Bundan başqa, tələbkar hazırda həmin mənzilə borclu tərəfindən su axıdılmasının davam etdiyini iddia etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsi ilə borclunun üzərinə qoyulmuş ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmək vəzifəsi icra edildiyindən, hazırda tələbkarın iddiası yenidən araşdırılması üçün tələbkar məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsi ilə üzərinə qoyulmuş gələcəkdə iddiaçı X1 mənzilinə su axıdılmasının qarşısının alınması üçün yaşadığı ünvan 3 ünvanında kanalizasiya borularını təmir etdirmək vəzifəsini icra etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda onun əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar