Məhkəmə qərarları › İş №3(010)-2212/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2212/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2212/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5, tərcüməçi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 və icra sənədi üzrə tələbkar X3 nümayəndəsi X2 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1988-ci ildə Şərur rayonu, Axaməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Şərur rayonu, Axaməd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, 4-cü Köndələn 38 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış 4.558 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, icra sənədi üzrə o, mütəmadi olaraq ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə onun aliment borcu yaranmışdır. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq maddi imkanı aşağı olduğundana görə aliment borcunu tam ödəyə bilməmişdir. O, ikinci qrup əlildir və buna görə hər ay təqaüd alır. İcra məmuru tərəfindən aliment borcu onun təaqüünə yönəldilmişdir. Bundan başqa, onun qardaşı tərəfindən hər ay əlavə 50 manat aliment borcuna ödənilir. Hazırda o, avtomobillərin parklanma yerində avtomobillərin parklanması üçün yardım edir və buna görə gündəlik 5-10 manat qazancı olur. Bundan sonra da, icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək üçün əlindən gələni edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X10 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmiş, həmçinin şəxsən təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin onun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclu ikinci qrup əlildir. Buna görə də, aliment borcu borclunun pensiyasına yönəldilmişdir və hər ay 154 manat tutulur. Bundan başqa, borclunun qardaşı tərəfindən hər əlavə 50 manat aliment pulu ödənilir. Lakin, bu məbləğlər tələbkarı qane etməmişdir və sonuncu borcludan şikayətçidir. Tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X3 nümayəndəsi X4 göstərdi ki, borclu Şəxs övladları ilə maraqlanmır, müxtəlif bəhanələr gətirərək vaxtı-vaxtında uşaqlarına aliment ödəmir və nəticədə 4.558 manat aliment borcu yaranmışdır. Tələbkar borclunun tutulmasının tərəfdarı deyil, sadəcə olaraq alimentin mütəmadi olaraq vaxtında ödənilməsini, ayda ən azı 300 manat ödəniş etməsini istəyir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 08 dekabr 2021-ci-ci il tarixdən başlayaraq 26 yanvar 2011-ci il təvəllüdlü X7 və 07 fevral 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər uşaq üçün 175 manat sabit olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 18 may 2022-ci il tarixli qərarından və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata 18 may 2022-ci il tarixdə başlanılmış, borclu Şəxsa dərhal icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbkar X8 12 may 2023-cü il tarixdə 50 manat, 02 iyun 2023-cü il tarixdə isə 50 manat olmaqla cəmi 100 manat pul vəsaiti ödəmişdir. İş məhkəmədə baxılan zaman müəyyən olunmuşdur ki, borclu Şəxs ikinci qrup əlildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs ikinci qrup əlildir, sonuncunun Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə aliment borcu onun pensiyasına yönəldilərək, hər 154 manat pul tələbkarın xeyrinə tutulur. Bundan başqa borclunun qardaşı tərəfindən hər ay 50 manat pul Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə aliment borcuna ödənilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etdiyini, həmin icra sənədi üzrə aliment borcu borclunun pensiyasına yönəldilməsini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda borclunun əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(007)-488/2022 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar