Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2213/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəli zadə Nicat Hikmət oğlunun iştirakı ilə, Şəxs, xx.xx.1988-ci ildə Ermənistan, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, zibil daşıyan vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 30 may 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəli zadə Nicat Hikmət oğlu tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(010)-3518/2013 nömrəli qətnaməsinə dair 02 sentyabr 2013-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Vəli zadə Nicat Hikmət oğlu məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment Şəxs tutularaq ödənilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması barədə müraciət edilmiş və aliment məbləği xx.xx.2023-cü il tarixdən artırılaraq 193 (bir yüz doxsan üç) manat təşkil etmişdir. İcra sənədləri müvafiq olaraq xx.xx.2013-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcraata başlanılmış və könüllü icra edilməsi barədə bildiriş, icraata başlama haqqında qərar ilk dəfə xx.xx.2013-cü il tarixdə, artırılma ilə əlaqəli icraata başlama qərarı isə xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmiş, borclunun izahatı alınmış, ödənilməsi barədə məlumat verilmiş, ödənilməməsi halında məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq edilmişdir. Onun adına qeydiyyatlı olan avtomobil müəyyən edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə avtomobil üzərinə həbs qoyulmuşdur. Avtomobil ipotekada olduğu üçün həbs qoyulmadan əvvəl şəxsin izahatı alınmış və 10 ildən çox müddətdir ki, istifadəsində olmadığı bildirilmişdir. Borclunun ölkədən getmək hüququ xx.xx.2023-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmışdır. Borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış verilərək Suraxanı RPİ-nə verilmiş və ssaxlanılaraq icra şöbəsinə gətirilmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə şəxs 500 manat məbləğində cərimə edilmişdir. Sonradan borcunun ödənilməsi barədə dəfələrlə məlumatlandırılsa da, 2025-ci ilin yanvar ayında 1 dəfə 220 manat ödəniş etmiş, ümumilikdə isə protokol tərtib edildikdən bəri 1881 manat ödəniş etmişdir. Alimentin ödənilməsi barədə ayrı-ayrı tarixlərdə şəxsin izahatları alınmışdır. Tələbkar dəfələrlə müraciət etmiş, hətta icra məmurunun hərəkətsizliyindən də şikayət etmiş və qərar ilə ərizəsi rədd edilmişdir. Hazırda borclunun 10520 manat borcu var. Tələbkar Gürcüstan vətəndaşıdır, Türkiyədə yaşayır. Borclu öz kartını tələbkarın buradakı qohumuna vermişdir, kartdan pul çıxardıb şikayət etməyəcəyi bildirilsə də, tələbkarın bugün də şikayəti var. Şəxsin 2022-ci il tarixdə əmək haqqısına yönəldilmişdir, sonradan isə məktub “tapmaq mümkün olmadı” deyə geri qayıtmışdır. 2024-cü ilin mart və aprel aylarından hər dəfə 60 dollar, iyun ayında 212 dollar, iyul ayında 55 dollar, oktyabr ayında isə 237 dollar, 2025-ci ilin yanvar ayında isə 220 manat olmaqla ödənişlər etmişdir, sonradan isə heç bir ödəniş etməmişdir. Tələbkar Türkiyədədir. Odur ki, borclunun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, tələbkara dəfələrlə əlbəəl ödənişlər etmişdir, hər dəfəsində tələbkar ödəniş barəsində icra məmuruna məlumat verəcəyini bildirsə də, heç vaxt ona bildirməmişdir. Sonuncu dəfə gediş-gəliş biletini almış, gedəndə də 600 dollar pul vermiş və tələbkara anasının icra məmuruna deməsini bildirmişdir. Sonra yenə gələndə gəliş-gediş biletini almış, 650 dollar pul vermiş, ancaq onları da bildirməmişdir. O, özü Fransa da aşpaz işləyən vaxt burada anasına pul göndərirmiş, tələbkara da pul verirmiş. Tələbkar bunları danmamalıdır, çünki onun hazırda heç bir borcu yoxdur. Anasının pensiya kartını da tələbkara vermiş, pulu çıxartmasını bildirmiş, icra məmuruna şikayət etməməsini xahiş etmişdir. Qızı 3 yaşındadır, asma xəstəliyi var, danışmaqda əziyyət çəkir. Onun müalicə pulunu belə əziyyətlə ödəyir, 400 manat əmək haqqı alır, 250 manata da kirayədə qalır. Oğlunun 16 yaşı var, hər dəfə ona pul göndərdiyini bildirməsini deyəndə “anam telefonu əlimdən alıb qırağa atacaq” deyir. O, uşaqla bağlı görüş üçün məhkəməyə müraciət etmiş, tələbkar da ərizəsini geri götürməsi qarşılığında icra məmuruna zəng edib aldığı pulların miqdarını demək sözü vermiş, lakin o ərizəsini geri götürdükdən sonra tələbkar icra məmuruna zəng etməmişdir. Tələbkar pensiya kartını xalasıqızına verməsini demiş, xalasıqızı da burada yaşamır, onun oğluna verməsini bildirmişdir. Uşağı da Türkiyədədir, 4 ildir tələbkar olmadan burada uşağa baxmış, sonra tələbkar Türkiyədən evlənib gəlmiş və uşağı polislə götürüb aparmışdır. Aliment məbləğini ödəyəcək, sadəcə anası əlildir, qızı da xəstədir, kirayədə yaşayır. O, anasının pensiya kartını vermiş, 600 manat ödəniş etmişdir. Anası xəstə olduğu üçün həyat yoldaşı işləmir, özü kirayədə qalır, uşağının dərmanını almağa, kommunal ödənişlərini ödəməyə imkanı çatmır. İmkanı olduqca aliment məbləğını də ödəyir. Bu səbəbdən inzibati protokola xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(010)-3518/2013 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment xx.xx.2013-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(010)-478/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(010)-3518/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-478/2023 nömrəli qətnəməsi qanuni qüüvəsini aldığı tarixdən başlayaraq, cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. 30 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(010)-3518/2013 nömrəli və 29 mart 2023-cü il tarixli, 2(010)-478/2023 nömrəli icra sənədlərinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan 11 iyun 2025-ci il tarixl qəbzə əsasən, Şəxs 170 dollar məbləğində pulu, həmçinin, arayışlara əsasən fərqli tarixlərdə 100 dollar və 115 dollar ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2013cü il tarixli, 2(010)-3518/2013 nömrəli qətnaməsinə dair 02 sentyabr 2013-cü il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X2 xeyrinə təxminən 170 dollar ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, bundan əlavə onun əmək haqqısına yönəltmə edildiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(010)-3518/2013 nömrəli qətnaməsinə dair 02 sentyabr 2013-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 2(010)-478/2023 nömrəli qətnaməsinə dair 29 mart 2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2213/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2213/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver