Məhkəmə qərarları › İş №3(010)-2216/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2216/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2216/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx xxxxx 1979-cu ildə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, fəhlə işləyən, “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş”, məhkum olunmamış, Lənkəran rayonu, Daşdatük kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, “parnik yolu” sahəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında 30 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün həmin tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Xəzər Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)-2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən cavabdeh Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-924/2014 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini tam icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə izahatında bildirdi ki, icra sənədi üzrə 05 yanvar 2018-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmışdır. İcra sənədi Suraxanı rayon şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icra tədbirləri görülmüş, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmişdir. Borclu işləmir və İİ qrup əlildir və əlilliyə görə pensiya alır. Borclunun aliment borcu pensiyasına yönəlmiş və hər ay pensiya məbləğinin 70 faizi tutulur. Tələbkar hazırda Türkiyə Respublikasındadır və onun etibarnamə üzrə nümayəndəsi Ədliyyə Nazirliyinə qalan borc məbləğinin ödənilməsi ilə bağlı şikayət etmişdir. Hazırda aliment ödənilən hər iki şəxs 18 yaşını keçsə də yığılan aliment borcu tələb olunur. Hazırki vəziyyətə məhkəmənin qiymət verməsi üçün borclunun barəsində protokol tərtib olunmuşdur. Borclunun pensiya məbləği artdıqca aliment məbləği də artır. Uşaqlardan biri 4 il bundan əvvəl, digəri isə beş il bundan əvvəl yetkinlik yaşına çatmışdır. Aliment ödənilən şəxslərdən biri artıq evlidir. Borclu xx.xx.2024-cü il tarixdə aliment borcundan birdəfəyə 2496 manat 35 qəpik pul vəsaitini X1nın bank hesabına köçürmüşdür. Borclu Şəxs adına olan “NİSSAN MİCRA” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobil hərraca çıxarılmışdır. Digər icra işi ilə bağlı hərracda satışdan əldə olunmuş pul bankın tələblərinin yerinə yetirilməsinə yönəlmiş, bu icra işi ilə bağlı hər hansı ödəniş olmamışdır. Borclunun barəsində bir neçə dəfə protokol tərtib olunsa da hər ay pensiyasından pul tutulduğuna görə məhkəmə tərəfindən əməldə inzibati xətanın tərkib əlaməti olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Borclu hazırkı vaxtadək borcundan hissə-hissə ödəniş etmişdir. Bu hal icra sənədi üzrə tələbkarın haqlı narazılığına səbəb olur. Tələbkar borcun tam bağlanmasını tələb edir. Göründüyü kimi borclu icra sənədini tam icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Buna görə də 30 may 2025-ci il tarixdə icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq onun maddi imkanının zəif olması borcu birdəfəlik icra etməyə imkan verməmişdir. Bildirmişdir ki, işləmir və İİ-ci qrup gözdən əlilldir və 393 manat 33 qəpik pensiya alır. Hər ay pensiyasının 70 faizi aliment borcuna görə tutulur. Özünün dolanışığı üçün isə günəmuzd işlərdə işləyərək yaşayışını təmin edir. Övladları yetkinlik yaşına çatdığına görə alimentin dayandırılması ilə bağlı müraciə etsə də heç bir xeyri olmamışdır. 08 oktyabr 2024-cü il tarixdə aliment borcundan 2496 manat ödəniş etmiş, həmin qəbzi məhkəməyə təqdim etmişdir. O, icra məmurunun çağırışlarına vaxtında gəlmiş, yayınma olmamışdır. O, üzrsüz səbəbdən aliment məbləğinin yığılmış hissəsini ödəyə bilmir. Maddi imkanı çox pis olduğundan və İİ dərəcə əlilliyinə görə 70 faiz pul ondan tutulduğundan bundan artıq ödəməyə imkanı çatmır. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İcra məmuru tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, tələbkar hazırda Türkiyə Respublikasında yaşayır. Məhkəmə, X1nın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)-2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən cavabdeh Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-924/2014 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)-2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs adına olan “NİSSAN MİCRA” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 05 yanvar 2018-ci il tarixli qərardan görünür ki, Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)- 2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 05 yanvar 2018-ci il tarixli bildirişdən görünür ki, Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)- 2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 03 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)- 2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə Xəzər rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 03 oktyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Xəzər Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)- 2901/2016 saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Xəzər rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, № 532412Q nömrəli məktubu ilə icra sənədi aidiyyəti üzrə icra olunması üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 94 saylı ödəniş tapşırığından görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-2901 /2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə depozit hesaba oturmuş 2496 manat 35 qəpik aliment pul vəsaiti X1nın bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, 4) borclu tərəfindən məhkəmə qərarının icra edilməsi üçün yetərli tədbirlərin görülməməsi. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra olunmaması və icra məmurunun tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır. Hazırki iş üzrə borclu Şəxs tərəfindən aliment məbləğinin yığılmış borc hissəsinin ödənilməməsi üzrsüz səbəbdən olmuş, onun tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsi və çağırışlarına gəlməməsi kimi hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə borclu Şəxs Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)- 2901/2016 saylı qətnaməsinə dair icra sənədi üzrə İİ qrup gözdən əlil olduğunu və yaranmış borcundan hər ay pensiyasının 70 faizi məbləğinin tutulduğunu nəzərə alaraq hesab edir ki, borclunun maddi imkansızlıq səbəbindən borcunu vaxtında və tam icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yolverilməzdir. Bununla da Şəxs Xəzər rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(003)- 2901/2016 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi faktı məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilmədiyindən və Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar