Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2224/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Suraxanı rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakları ilə, xx xxxx 1997-ci ildə Saatlı rayonunda anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, əlilliyi və ağır xəstəliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş İXM-nin 333.2 və 329.3-cü maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 13 may 2024-cü il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə tərtib edilmiş 11 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 11 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs, 11 may 2024-cü il tarixdə “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydasını pozmağa görə Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0,745 promil olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 11 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 11 may 2024-cü il tarixdə “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içki qəbul edib idarə etmişdir. Belə ki, o, spirtli içki qəbul etsə də əvvəlcə avtomobili idarə etməsi üçün həyat yoldaşına vermiş, sonradan avtomobili saxladırıb marketə düşmüş, geri qayıdan zaman isə evinə az məsafə qaldığından avtomobili özü idarə etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, bir daha bu cür inzibati xəta törətməyəcəyini, nəqliyyat vasitəsini idarə etməyin onun və ailəsi üçün vacib olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Suraxanı rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 göstərdi ki, Şəxs, 11 may 2024-cü il tarixdə “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydasını pozmağa görə tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0,745 promil olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, Şəxs birinci dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə barəsində protokol tərtib olunaraq 400 manat cərimə tətbiq edilmişdir. Buna görə də təkrar eyni əməli törətdiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-cü maddələri ilə protokol tərtib edilmişdir. 11 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası İXM-in 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333cü maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkətlə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırkı iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digəri isə yəni Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin, ərazi polis orqanlarının, dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 11 may 2024-cü il tarixli, № 2/911 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0,745 promil olduğu müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, İXM-nin 333-cü maddəsinin Qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan Şəxs izahatının məzmunundan görünür ki, 11 may 2024-cü il tarixdə “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içki qəbul edərək idarə etdiyini, etdiyi əməldən peşman olduğunu, bir daha spirtli içki qəbul edib avtomobili idarə etməyəcəyini qeyd etmişdir. İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş yəni, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair 8 iyun 2022-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. İXM-nin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Göründüyü kimi Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə barəsində protokol tərtib olunaraq 400 manat cərimə olunması ilə əlaqədar Apellyasiya şikayəti verməmiş və həmin qərar qanuni qüvvə almışdır. Qeyd olunan norma İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə düzgün olaraq, tövsif olunmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı, İXM-nin 32.1.3-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edilir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1997-ci ildə Saatlı rayonunda anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi işləyən, əlilliyi və ağır xəstəliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2224/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2224/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver