Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2266/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı Sarvan Mehdiyevin iştirakları ilə, xx xxxx 1980-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Neftçilər parkında” polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı Sarvan Mehdiyev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı Sarvan Mehdiyev izahatında bildirdi ki, Şəxs 11 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Neftçilər parkında” telefon ilə uca səslə danışaraq nalayiq ifadələr işlətdiyinə görə yanında olan xidmət yoldaşı ilə birlikdə həmin şəxsə yaxınlaşıb şəxsiyyətini aydınlaşdırmış, həmin şəxs özünü Şəxs kimi təqdim etmiş, ona ictimai yerdə niyə görə nalayiq ifadələr işlətməsi ilə bağlı irad bildirən zaman, həmin şəxs telefonla danışdığını, əsəbi olduğu üçün ətrafda parkda kimlərinsə olmasına fikir vermədiyini bildirmiş, onu bölməyə dəvət edən zaman o, onların qanuni tələbinə tabe olmamış, şəxsiyyət vəsiqəsini verməmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla xırda xuliqanlıq etmişdir. Buna görə də 11 iyun 2025-ci il tarixdə Şəxs izahatını aldıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək üçün onu bölməyə dəvət etmişlər və bölməyə gedən zaman Namik avtomobilindən şəxsiyyət vəsiqəsini də götürərək onlara təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələrdən yalnız 510-cu maddə üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, 11 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Neftçilər parkı”nın yanından öz avtomobili ilə keçən zaman telefonuna zəng gəlmiş, bu zaman o, avtomobilini yolun qırağında saxlamış, avyomobildən düşərək parkda telefona cavab verərək dəfələrlə ona eyni nömrədən zəng gəldiyinə görə möhkəm səslə qışqıraraq ona zəng etməməsini bildirmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona ictimai yerdə nalayiq ifadələr işlətməsinə görə irad bildirmişlər və ondan şəxsiyyət vəsiqəsini istəmişlər. O, da şəxsiyyət vəsiqəsinin avtomobildə olduğunu bildirmiş və vəsiqəsini polis əməkdaşlarına təqdim etmiş, bölməyə getməyəcəyini bildirsə də polis əməkdaşları onu bölməyə aparmışlar. O, polis əməkdaşlarının iradına cavab olaraq bildirmişdir ki, həmin vaxt əsəbi olduğu üçün ona telefonla zəng edən şəxsə qarşı nalayiq ifadələr işlətmiş, lakin parkda kimlərinsə olmasına fikir vemrəmişdir. Polis əməkdaşları onu bölməyə dəvət edən zaman onlara şəxsiyyət vəsiqəsinin üzərində olmasını, niyə görə bölməyə getməli olduğu dedikdə polis əməkdaşları ona şəxsiyyətinin bölmədə aydınlaşdırılacağını bildirmişlər. Sonda Şəxs İXMnin 510-cu maddəsi üzrə törətdiyi əməlindən peşman olmasını bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyun 2025-ci tarixli raportun məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixində polis əməkdaşları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Nefçilər Parkında” 1 nəfər şəxsin mobil telefon ilə uca səslə danışaraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi 32-ci PB nə dəvət etdikdə həmin şəxs polis əməkdaşlarına qəsdən tabesizlik göstərməklə qanuni tələblərini icra etməmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1980-ci il təvəllüdlü, Şəxsdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb Şəxs ilə əlaqədar olan sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə əməlində inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinin dispozisyasında nəzərdə tutulmuş polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə ifadəsində qeyd olunan hallar barəsində protokol tərtib edilmiş Şəxs tərəfindən törənməmişdir. Şəxs, ona yaxınlaşan polis əməkdaşlarına özünü təqdim etmiş, şəxsiyyət vəsiqəsinin avtomobilində olmasını bildirmiş, lakin polis əməkdaşları şəxsiyyətinin bölmədə dəqiqləşdiriləcəyini dediklərinə görə avtomobilindən şəxsiyyət vəsiqəsini də götürərək 32-ci polis bölməsinə getmişdir. Ona yaxınlaşan iki nəfər polis əməkdaşına qarşı hər hansı qanunsuz hərəkətə yol verməmiş, mobil telefonla nalayiq ifadələr dediyinə görə onlardan üzr istəmiş və həmin vaxt əsəbi olduğunu bildirmişdir. Lakin heç bir əsas olmadan və şəxsiyyət vəsiqəsi avtomobilində olduğu halda niyə görə bölməyə getməli olduğunu haqlı irad olaraq polis əməkdaşlarına bildirmişdir. Polis haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına yalnız aşağıdakı hallarda yol verilə bilər: 1) şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda; 2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə; 3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda. Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir. İXM-nin 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda tətbiq etmək hüququna malikdirlər: Həmin hallardan biri də İXM-nin 88.1.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qanunsuz qaldıqda tətbiq oluna bilər. Hazırki iş üzrə Şəxs tutulması ilə bağlı protokol tərtib edilməmişdir. İXM-nin 53.1-ci maddəsinə əsasən bir sıra hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Bu hallara həmçinin 53.1.2-ci maddəyə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi, şahid izahatları, barəsində protokol tərtib edilmiş şəxsin özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal İXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı olmuşdur. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbehin tətbiqi kifayət edir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1980-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati məsuliyyətdən azad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2266/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2266/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver