Məhkəmə qərarları › İş №3(010)-2267/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2267/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2267/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, Suraxanı Rayon İcra Şöbəsinin İcra məmuru Rüfət Maqsudovun, Şəxs – xx.xx.2006-ci ildə Dağıstanda doğulmuş, subay, orta təhsilli,qeyri-rəsmi ofisiant işləyən, Suraxanı ray, Suraxanı qəs, S.Bəhlulzadə küç, döngə 17, ev 3 yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 13 iyun 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 215/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda borcu 4500 manatdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixli icra sənədi icra şöbəsinə daxil olmuşdur. Şəxs və digər borclulardan ümumilikdə, 4500 manat müştərək qaydada tutularaq tələbkar Məmmədova Sevanəyə ödənilməlidir. Digər borclular üzərilərinə düşən öhdəlikləri etmiş, borclarını icra etmişlər, ancaq Şəxs borcunu ödəməmişdir. Borclu xx.xx.2025-ci ildə icra şöbəsinə dəvət edilmiş, ona qərar və bildiriş təqdim edilmiş, borcunu ödəməsi izah edilmişdir. Lakin könüllü icra vaxtından və ümumiyyətlə, icra vaxtından xeyli müddət keçsə də, borclu borcunu ödəməmişdir. Bir neçə dəfə icra şöbəsinə dəvət edilmiş, gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Suraxanı RPİ-nə göndərilmiş, bugün saat 2 radələrində saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Onun ifadəsi alınmış, təyin olunmuş borcu ödəyə bilmədiyini bildirsə də, tələbkar borcunun tam məbləğdə ödənilməsini istəyir. Tələbkar borc götürərək uşağını əməliyyat etdirdiyini, hazırda borclarını ödəməli olduğunu bildirir, bu səbəbdən pulunu tələb edir. Bu cinayət işindən mülki iddia kimi tələb edilən borc pul məbləğidir, digər 2 borclu borcunu ödəyib, işlərinə xitam verilib. Borclunun atası ilə də danışılmış, atası məsələ ilə maraqlanmadığını bildirmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, anası Rusiyadadır, atası isə 2-ci dəfə ailə qurub, öz ailəsi var, həmçinin ödəniləsi kredit borcları var. Onun bu cinayət işi ilə bağlı qolbaq cəzası var və buna görə normal iş yeri tapa bilmir. Bu yaxınlarda ofsiant olaraq iş tapmış və Sevanə Məmmədovaya heç olmasa yarıbayarı ödəməyi təklif etmiş, ancaq qəbul elətdirə bilməmişdir. O, 2 həftə vaxt verilsə, 1500 manat tapıb verəcəyini, ehtiyac olarsa, bu məsələyə görə borc edəcəyini bildirdi. Məhkəmə iclasında tələbkar X3 izahat verərək bildirdi ki, o, uşağını əməliyyat etdirmək üçün borc etmiş, həkimlər omda pulu tam şəkildə tələb etmişdir, o da hazırda borclarını ödəmək istəyir, bu səbəbdən pulunun tam şəkildə ödənilməsini istəyir. Uşağı böyrəyindən travma almış, 3 saat böyrəyindən “Güvən” xəstəxanasında əməliyyat olmuşdur. O, hissə-hissə ödənilməsinə razı ola bilərdi, ancaq Şəxs anası da ona pul göndərir, atası da dənizdə işləyir pul göndərir, sadəcə özləri bu məsələ ilə maraqlnmırlar, bu səbəbdən pulunun da tam şəkildə ödənilməsini istəyir. Onun bibisi 1000-1500 manat verdiyini, yalandan onun qəbul etmədiyini deyir. O, etibarlı biri deyil, digər borclu 10 gün ərzində pulu gətirib verdi, ancaq Şəxs bibisi onun evinə hücum etmiş, qolbaq cəzası aldırdığı üçün onu səbəbkar görmüşdür. Onun atası işləyir, özünə ev tikdirir, halbuki oğlunun borcunu ödəyə bilər. Şəxs barəsində ciddi tədbirlər görülsə, onun ailəsi də bu məsələ ilə maraqlanacaq, borcu ödəməyə cəhd edəcəklər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, tələbkar X2 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X4, X5 və Şəxs müştərək qaydada maddi zərərə görə 1500 manat və ənəvi zərərə görə 3000 manat, cəmi 4500 manat məbləğində pul vəsaiti tutularaq ödənilməsi hökm edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar