Məhkəmə qərarları › İş №3(010)-2268/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2268/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2268/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları xidmət aparan zaman Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsində bir nəfər şəxsin qaranlıqda evlərə boylana-boylana gəzdiyini görmüşlər. Polis əməkdaşları şübhəli hərəkətlərinə görə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək kim olduğunu və nə üçün orda hərəkət etdiyini soruşmuşlar. Həmin şəxs özünü şübhəli aparmışdır. Həmin şəxs polisin verdiyi suallara müxtəlif bəhanələr gətirərək kobud şəkildə cavab vermiş və özünü polis əməkdaşlarına təqdim etməmişdir. Həmin şəxsin anket məlumatlarını dəqiqləşdirmək üçün onu şöbəyə dəvət edən zaman həmin şəxs mobil telefonunu əlində sıxaraq sındırmış, hadisə yerindən yayınmaq istəmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək uca səslə qışqırmağa başlayaraq hadisə yerindən qaçmağa cəhd etmişdir. Polis əməkdaşları onu dərhal saxlayaraq şöbəyə gətirmişlər. Şöbədə həmin şəxsin əvvəllər məhkum olunmuş Şəxs olduğu məlum olmuşdur. Şöbədə Şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxs şöbədə olan zaman özünü təqdim etməkdən və sənədləri imza etməkdən imtina etmiş və qeyri-adekvat hərəkətlər etmişdir. Buna görə də 17 iyun 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qeyri-advekat apararaq məhkəmə iclasında heç bir sənədə imza etməmiş, özünü təqdim etməmiş, məhkəmə iclasında qaydanı pozmuş və izahat verməmişdir. Şəxs məhkəmə iclası zamanı məhkəməyə qarşı hörmətsizlik etmişdir. Buna görə də qeyd olunanlarla bağlı məhkəmə iclasında akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində ərazidə 31-ci polis şöbəsinin rəis müavini Elxan Bədəlovla birlikdə xidmət aparan zaman Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsində bir nəfər şəxsin qaranlıqda evlərə boylanaboylana gəzdiyini görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək kim olduğunu və nə üçün orda hərəkət etdiyini soruşmuşlar. Həmin şəxs özünü şübhəli aparmışdır. Həmin şəxs suallara müxtəlif bəhanələr gətirərək kobud şəkildə cavab vermiş və özünü təqdim etməmişdir. Həmin şəxs Nizami rayonu ərazisində yaşasa da gecə vaxtdı Suraxanı rayonu ərazisində nəyə görə gəzməsini açıqlaya bilməmişdir. Həmin şəxsin anket məlumatlarını dəqiqləşdirmək üçün onu şöbəyə dəvət edən zaman həmin şəxs mobil telefonunu əlində sıxaraq sındırmış, hadisə yerindən yayınmaq istəmiş və onların ünvanına nalayiq ifadələr işlədərək uca səslə qışqırmağa başlayaraq hadisə yerindən qaçmağa cəhd etmişdir. Bu zaman dərhal həmin şəxsi saxlayaraq şöbəyə gətirmişlər. Şöbədə həmin şəxsin əvvəllər məhkum olunmuş Şəxs olduğu məlum olmuşdur. Şəxs qeyri-adekvat hərəkətlərini şöbədə də davam etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları xidmət aparan zaman Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsində bir nəfər şəxsin qaranlıqda evlərə boylana-boylana gəzdiyini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək kim olduğunu və nə üçün orda hərəkət etdiyini soruşmuşlar. Həmin şəxs özünü şübhəli aparmışdır. Həmin şəxs polisin verdiyi suallara müxtəlif bəhanələr gətirərək kobud şəkildə cavab vermiş və özünü polis əməkdaşlarına təqdim etməmişdir. Həmin şəxsin anket məlumatlarını dəqiqləşdirmək üçün onu şöbəyə dəvət edən zaman həmin şəxs mobil telefonunu əlində sıxaraq sındırmış, hadisə yerindən yayınmaq istəmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək uca səslə qışqırmağa başlayaraq hadisə yerindən qaçmağa cəhd etmişdir. Polis əməkdaşları onu dərhal saxlayaraq şöbəyə gətirmişdir. Şöbədə həmin şəxsin əvvəllər məhkum olunmuş Şəxs olduğu məlum olmuşdur. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. İş üzrə Şəxs İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxsna aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki o, xidməti vəzifələrini icra edən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, hadisə yerində olan polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olmuş, onlara nalayiq ifadələr işlətmiş və qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 iyun 2025-ci il tarixdən, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halın olmaması və ağırlaşdıran halların olması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. Çünki Şəxs bir neçə dəfə məhkum olunsa da islah olunmamış, qanunlara laqeyd münasibət göstərir, onun azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalara səbəb ola bilər, həmçinin onun heç bir yerdə işləməməsi, cəmiyyətə faydalı heç bir fəaliyyətlə məşğul olmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 16 iyun 2025-ci il tarixdən, saat 22:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 16 iyun 2025-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar