Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2287/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 10 iyun 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC tərəfindən 350000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 02 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı 2 il müddətində 350000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatdan heç bir məlumatları olmamışdır. Göstərilənləri nəzərə almağını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı nəzərdən keçirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 106.0.2 – 106.0.6-cı maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: «işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı». Həmin məsələləri nəzərdən keçirərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aşağıdakı hüquqlara malikdir «inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq», «izahat vermək», «sübutlar təqdim etmək», «vəsatət və etirazlar vermək», «işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək» və s. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər». Eyni Məcəllənin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir». Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən «Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 03 may 2019-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə «İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraat ümumi qaydada xüsusi mərhələlərlə aparılır. Bu mərhələlərə aşağıdakıları aid etmək olar: inzibati xəta haqqında iş üzrə icraatın başlanması; inzibati araşdırma; protokola (prokurorun qərarına) baxılması; inzibati xətalar haqqında işlərə apelyasiya qaydasında baxılması; qərarın icrası (inzibati tənbehin tətbiqinə dair icraat)». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad edilən 61-ci və 64-cü maddələrində təsbit olunmuş hüquqları inzibati xətalar haqqında işlər üzrə icraatın bütün mərhələlərinə, o cümlədən inzibati xətalar qanunvericiliyi ilə rayon (şəhər) məhkəmələrinin aid edilmiş işlər üzrə məhkəməyədək icraat dövrünə də aiddir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin (nümayəndəsinin) inzibati xəta haqqında işin materialları ilə tanış olmaq, izahatlar vermək, sübutlar təqdim etmək, vəsatətlər və etirazlar vermək, müdafiəçinin (vəkilin) hüquqi yardımından istifadə etməklə bağlı hüquqlarının təmin edilməsi praktik baxımdan yalnız onun icraat barədə lazımi qaydada məlumatlandırılması və icraatda iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi yolu ilə mümkündür. Məhkəmə göstərilən hüquqların məhkəməyədək icraat dövrünə də aid olmalarının (məhkəməyədək icraat dövründə də təmin edilməli olmalarının) təsdiqi kimi Azərbaycan Respublikası İXM-nin inzibati xəta haqqında protokolun formasını və məzmununu təsbit edən 100-cü maddəsinə nəzər yetirməyi zəruri sayır (məlum olduğu kimi, inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat dövründə və məhkəməyədək icraatın nəticəsi olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tərtib edilir). Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 19 dekabr 2019-cu il tarixli Qərarında aşağıdakılar qeyd olunur «Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar». Beləliklə, qüvvədə olan inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli orqanın vəzifəli şəxsin üzərinə qanunvericiliyin tələblərinə ciddi riayət etmək, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin qanunvericilikdə təsbit olunmuş hüquqlarını təmin etmək vəzifəsini qoyur. Əks yanaşma şəxsin hüquqlarının xüsusilə də müdafiə hüququnun məhkəməyədək icraat dövründə kobud şəkildə pozulması ilə nəticələnə bilər. Məhkəmə məsələ ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırkı iş üzrə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol «İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli Qərarı ilə təsdiq edilmiş forma (1 nömrəli əlavə) üzərində tərtib olunub. Bu formada, o cümlədən hazırkı iş üzrə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatının göstərilməli olduğunu; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməli olduğunu nəzərdə tutan bölmələr mövcuddur. Həmin formada, o cümlədən hazırkı iş üzrə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) imzası üçün yer nəzərdə tutulub. Eyni formada və hazırkı iş üzrə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda «Qeyd» kimi aşağıdakılar da göstərilir: «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxsin nümayəndəsi) Protokolu imzalamaqdan imtina etdikdə, bu barədə Protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatlar və Protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə Protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri Protokola əlavə olunur». Yuxarıda göstərilən formada və hazırkı iş üzrə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda həmçinin inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə) verilməli olduğunu təsbit edən bölmə də mövcuddur. Göründüyü kimi, İXM-nin müvafiq normalarından irəli gələn tələblərin nəzərə alınmalı olduğu Mərkəzi Bankın səlahiyyətli vəzifəli şəxsinin tərtib etdiyi protokolun özündə belə təsbit edilib. İnzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat kobud prosessual pozuntularla aparılmış, həmin icraat dövründə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanunvericilikdə təsbit edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Bu və digər səbəblərdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 52, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 10 iyun 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2287/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2287/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver