Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2288/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, İnzibati xəta törətmiş şəxs Şəxs və onun nümayəndəsi X2, İnzibati xəta törətmiş şəxs Şəxs vəkili və nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru Vəli X1 Rayon Məhkəməsinin 2(010)-350/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 19 iyun 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bəbirov X12 Rayon Məhkəməsinin 2(010)-350/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən hər ay 340 manat məbləğində aliment tələbkarın xeyrinə tutulmalıdır. İcra sənədi şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Şəxs xx.xx.2021-ci il tarixdə şöbədə olduğu vaxt icraata başlama haqqında qərar ona təqdim edilmişdir. İcra sənədində aliment məbləği 340 manat müəyyən edilsə də, ödənişlər 195 manat məbləğində edilmişdir. Son 1 il ərzində heç ödəniş edilməmişdir. Tərəflər dəfələrlə müraciətlər, şikayətlər eləmişlər. Borclu barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat verilmiş və ölkədən çıxmasına məhdudiyyət qoyulmuşdur. Daha sonra çağırışlara gəlmədiyi üçün barəsində məcburi gətirmə qərarı xx.xx.2024-cü il tarixdə verilmiş, eyni zamanda bu qərar ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş və təqdimat xx.xx.2024-cü il tarixli qərarla təmin edilmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən məcburi gətirmə barədə qərar ləğv edilib, yenidən baxış təyin edilib. Yenidən baxış zamanı isə qərar təsdiq edilib və yenidən icraya göndərilib. Lakin onun məcburi gətirilməsi mümkün olmadığından barəsində axtarış qərarı verilmiş xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nə göndərilmiş, hazırda da əməkdaşlar tərəfindən saxlanılaraq gəlmişdir. Şəxsin izahatı şöbədə alınmış, o izahatında bildirmişdir ki, xəstədir, aliment məbləğini ödəyə bilmədiyini, imkanı olduğu təqdirdə ödəniş edə biləcəyini bildirib. Tələbkar Gəncə şəhərində yaşayır. 2024-cü ilin avqust ayından sonra heç ödəniş etməyib. Daha əvvəl də aylıq 195 manat ödəniş etmiş, qalıq məbləği də ödəməmişdir, bu səbəbdən hazırda 15570 manat məbləğindı borcu var. Şəxs ödəniş etmiş, ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir, həmin ödənişlər də nəzərə alınıb. Şəxs özü işləmir, anası pensiya alır və pensiyasından 100 manat özünə saxlayaraq 195 manat ödəniş edir. Bu səbəbdən protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili və nümayəndəsi X10 bildirdi ki, məcburi gətirmə barədə qərar polis tərəfindən verilmiş, ancaq məhkəmə tərəfindən ləğv edimişdir. Şəxs şizoid tip şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkir, kəmağıllılıq var. O, tək anası ilə qalır, anası pensiyasından aliment ödənişlərini edir. “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş arayışla şəxsə qoyulmuş diaqnoz öz təsdiqini tapır. Həmçinin, şəxsin şəkərli diabet xəstəsi olması barədə də arayış var. Onlar xəstəliklə bağlı olaraq aliment məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmişlər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən qətnamə olduqdan sonra məhkəməyə aliment məbləğinin azaldılması üçün müraciət etmək üçün aliment məbləğinin azaldılması dair verdikləri ərizəni geri götürmüşlər. Hazırda bütün sənədlər hazır deyil, lakin şəxs barəsində axtarış verildiyi üçün sənədlərin hazır olmasını gözləmədən məhkəməyə anasının adı ilə ərizə ilə müraciət etmişlər. Şəxsin barəsində “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə” dair məhkəmə işi yekunlaşanadək icra sənədi üzrə icraatın dayandırılması halları qanunvericilikdə öz təsdiqini tapıb. Belə olan halda icra məmuru icraatın dayandırılması barədə qərar qəbul etməlidir. Şəxsin əlillik dərəcəsi yoxdur. Onlar tələbkarla kompromisə girmək istəmişlər, müəyyən məbləğ qarşılığında yığılan borcların silinməsinə dair ərizə vermələrini tələb etmişlər. Belə olduğu halda üzərinə qoyulmuş məhdudlaşdırılma götürülə və şəxs Rusiyaya qardaşının yanına gedərək orada işləyib aylıq aliment məbləğini ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Şəxs nümayəndəsi X6 bildirdi ki, aliment ilə bağlı müraciətlər ediblər. Hər ay əvvəllər 330 manat pensiya alırdı, indi isə artırılıb 365 manat məbləğində pensiya alır. O, özü də xəstədir, buna baxmayaraq hər ay 200 manat məbləğində aliment ödəyib. Onun bir oğlu Rusiyadadır, orada fəhlə işləyir, bu oğlu da orada gedib işləyib pul qazanmaq istəyir. Ancaq onun barəsində verilmiş məhdudlaşdırma qərarı buna mane olur. Bu səbəbdən məhdudlaşdırılmanın götürülməsi üçün müraciət ediblər. Oğlu xəstədir, əlilliyi var, şəkərli diabet xəstəliyinə tutulub, onun işləmək qabiliyyəti yoxdur deyə heç kim də işə qəbul etmir. Tələbkar uşaqları da onlara göstərmir, uşaqları da öyrədərək onlarla görüşə göndərirlər. Karantin vaxtında 4 dəfə uşaqlarla görüşə gediblər, görüşə icazə verməyiblər. Şəxs bu diaqnoz ilə ailə qurub, uşaqları olub. O, əvvəlcə oğlunda olan problemi tələbkara bildirmiş, tələbkar belə qəbul etmişdir, ancaq qəbul etmə səbəbi sonradan ayrılıb aliment almaq olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkilinin dediklərini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia tələbləri təmin edilmiş, Şəxs 29 may 2017-ci il təvəllüdlü X11 və 28 sentyabr 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat tutulub iddiaçı X5 xeyrinə verilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 350/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli 1955 nömrəli Azərbaycan Respublikası “Psixi Sağlamlıq Mərkəzi” X20 tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs “şizoid tip şəxsiyyət pozuntusu F60.1” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 27 avqust 2024-cü il tarixli 8040/24 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, Şəxs “yüngül kəmağıllılıq kobud davranış pozuntusu, psixi pozuntularla” diaqnozu qoyulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2288/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2288/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver