Məhkəmə qərarları › İş №3(010)-2292/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2292/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2292/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X1, Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 575.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon prokuroru Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 575.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Suraxanı rayon prokuroru tərəfindən Şəxs MMC barəsində 03 iyun 2022-ci il tarixində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, həmin MMC müvafiq vəzifənin daşıyıcısı olduğu halda 22 nəfər İran İslam Respublikasının vətəndaşını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasında Azərbaycan Respublikası DMX-də qeydiyyata alınmadan yerləşdirmişdir. Suraxanı rayon prokurorunun köməkçisi X3 işin məhkəmə baxışı zamanı “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda göstərilənlərə uyğun məzmunlu izahat verərək materialın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X4 bildirmişdir ki, rəhbərlik etdiyi MMC-nin əsas fəaliyyəti futbol komandasının təşkili, futbol yarışlarında iştirak və sairdir. MMC bu fəaliyyətlə məşğul olmaq üçün tələb edilən lisenziya əsasında fəaliyyət göstərir. Futbol komandasının təşkili ilə əlaqədar MMC İran İslam Respublikasından futbolçuları gətirir, həmin futbolçulara Azərbaycanda müvafiq təlimlər keçirilir, onların bəziləri başqa klublara satılır, bəziləri isə Record Clubda oynayır. 2022-ci ilin yanvar ayının əvvəllərində o, İrandan 9 nəfər futbolçu və 4 nəfər məşqçi, aşpaz kimi komandaya daxil olmayan şəxslərin, ümumilikdə 13 nəfər İran İslam Respublikası vətəndaşının ölkəyə gətirilməsini təşkil etmişdir. Həmin şəxslər yanvar ayından başlayaraq ayrı-ayrı vaxtlarda ölkəyə gəlmişlər. İran İslam Respublikası vətəndaşları gəldikdən sonra o, həmin şəxsləri yaşayış üçün yerləşdirməli olmuşdur. Bu, məqsədlə "xxxx" MMC-nin direktoru İlqar Axundova müraciət etmiş və həmin xarici vətəndaşlar "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən təlim məşq bazasında yerləşdirilmişlər. O, İlqar Axundovla bu barədə müqavilə də bağlamışdır. Həmin şəxslər təlim-məşq bazasında yerləşdirildikdən sonra o və dostu X6 Axundova bildirmişlər ki, xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata almaq üçün Miqrasiya Xidmətinə müraciət etmək lazımdır. Həmçinin hüquqşünas dostu Asgar ona izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən xarici vətəndaşların qeydiyyata alınması üçün vaxtında müraciət etmək şəxsən onun məsuliyyətidir. İlqar Axundov isə özünün bu işlə məşğul olmayacağını bildirmiş və onlara özlərinin bu məsələni həll etmələrini bildirmişdir. Asgar İ.Axundova bu barədə Miqrasiya Xidmətinə məktub ünvanlamasını bildirmiş, ondan müvafiq məktubu aldıqdan sonra hər bir futbolçu ilə birlikdə Asan Xidmətə onların yaşayış yeri üzrə qeydiyyata alınması barədə müraciət etmişlər. Sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.3-cü maddəsi «Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə» məsuliyyət müəyyən edir. İşin faktik hallarından görünür ki, İran İslam Respublikasının 13 nəfər vətəndaşının Azərbaycan Respublikasında qəbul olunmasını, onlara müvafiq xidmətlərin göstərilməsini, işə qəbul olunmasını, Azərbaycan Respublikasında olmasını və yaşamasını Şəxs MMC təmin etmiş, bu səbəbdən sonuncuların qeydiyyata alınmasının, onlara Azərbaycan Respublikasında olma və yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun təşkilini həyata keçirmək vəzifəsinin daşıyıcısı olmuşdur. Buna baxmayaraq həmin MMC üzərinə düşən vəzifələri icra etməyib. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 575.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar