Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2295/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, günəmuzd fəhlə işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində “Opel Astra H” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev prospektindən üzü Suraxanı rayonu, Zığ şossesi istiqamətində hərəkətdə olarkan anidən sola dönmək istəmiş, lakin avtomobillər olduğu üçün dönə bilməmiş və idarəetməni itirmiş, idarə etdiyi avtomobil sürüşərək qarşıda hərkət edən “Kia” markalı avtomobilə çırpılmışdır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Hüseyn Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. 13 iyun 2025-ci il tarixdə Suraxanı RPİ-nin DYPŞ-nin inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə əri X2 idarə etdiyi avtomobildə arxa tərəfdə azyaşlı qızı X3 ilə olduqları zaman, anidən arxa tərəfdən başqa avtomobil onların avtomobilinə dəydi, o qızı ilə baş, kürək, qol və ayaq nahiyələrindən xəsarət almışlar. Həmin vaxt o avtomobildən düşmüş və onları vuran avtomobilin dayandığını, lakin düşmək istədiyini görmüş, sonra övladının vəziyyətinə baxmaq üçün avtomobilə qayıdan zaman onları vuran avtomobilin sürücüsünün çıxıb hadisə yerindən getdiyini görmüşdür. Sonra hadisə yerinə dərhal təcili yardım və polis çağırmışlar. Xəstəxanada ona başından zərbə almasını bildirmişlər. Bildirmişdir ki, sığorta avtomobilə dəymiş ziyana görə 5000 manat, xəsarətlərə görə isə 1500 manat pul hesablayıb verəcəkdir. Bildirmişdir ki, 1500 manat xəsarətləri qarşılamış, lakin 5000 manat avtomobilin ziyanını qarşılamamışdır. Avtomobilə əlavə olaraq ərinin 1500 manat pulu çıxmışdır. 1500 manat avtomobilə dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Odur ki, qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Növbəti məhkəmə iclası zamanı zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, telefon vasitəsi ilə əlaqə saxlayan zaman Şəxs ilə barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilərək izahat verib bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra H” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev prospektindən üzü Zığ şossesi istiqamətində hərəkətdə olarkan anidən sola dönmək qərarına gəlmişdir. Lakin avtomobillər olduğu üçün dönə bilməmiş və idarəetməni itirmiş, idarə etdiyi avtomobil sürüşərək qarşıda hərkət edən “Kia” markalı avtomobilə çırpılmışdır. Avtomobildə atası olmuşdur. Atası ağır ürək xəstəsidir. Həmin hadisə zamanı atası həyəcanlanmış, atasının halı pisləşmiş, buna görə də o atasını evə çatdırmaq üçün hadisə yerini tərk edib getmişdir. Daha sonra hadisə yerinə yenidən gəlmişdir. Hadisə yerində heç kimin olmadığını görmüş və yenidən evə getmişdir. Hadisə zamanı hava qapalı, yol asfalt örtüklü olmuşdur. Hadisə vaxtı o ayıq olmuşdur. Hadisə vaxtı o xəsarət almamışdır. Hadisə baş verən zaman onun təxmini sürət həddi saatda 80 km/saat olmuşdur. Bildirmişdir ki, hadisə nəticəsində iki nəfər yüngül dərəcəli bədən xəsarətləri almışdır. İş üzrə zərərçəkmiş şəxsin əri ilə barışıq üçün cəhd etsə də barışıq əldə olunmamışdır. Sonradan zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Sonda Şəxs iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan X2 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Sorento” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev prospektindən üzü Zığ şossesi istiqamətində hərəkətdə olarkan anidən arxada hərəkətdə olan “Opel” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən çırpılmışdır. Çırpıldıqdan 1 dəqiqə sonra həmin avtomobilin sürücüsü hadisə yerindən yayınmışdır. Hadisə zamanı avtomobildə olan həyat yoldaşı və azyaşlı qızı yüngül dərəcəli bədən xəsarətləri almışlar. Hadisədən bir müddət sonra o ailəsini taksiyə əyləşdirib evə yola salmışdır. Özü hadisə yerində ən azı 40 dəqiqə gözləmişdir ki, bəlkə sürücü qayıdıb gələr amma sürücü gəlməmişdir. Dərhal 102 xismətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Avtomobili istismara yararlı olduğu üçün oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Hadisə zamanı hava qapalı, yol asfalt örtüklü olmuşdur. Hadisə vaxtı o ayıq olmuş və xəsarət almamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 264 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin yumşaq toxumasının qançırı, sol baldırın yumşaq toxumasının hematoması, sol bazu oynağı nahiyəsinin və sağ budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 266 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər başın sağ gicgah nahiyəsinin yumşaq toxumasının qançırı və sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumasının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs, zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibbi ekspertizaların rəyləri, inzibati xəta haqqında protokol, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, günəmuzd fəhlə işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2295/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2295/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver