Məhkəmə qərarları › İş №3(010)-23/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-23/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-23/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 15 noyabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, X2 sədri vəzifəsində işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Quliyev X1 rayonu X2 sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, 18 noyabr 2021-ci il tarixli (protokol 05) qərarın surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə) 9 iş günü gün gec (01 dekabr 2021-ci il tarixdə) göndərilmişdir. Buna görə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Səfa Cəfərov tərəfindən Şəxs barəsində inzibati xəta törədilməsi haqqında 15 dekabr 2021-ci il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 15 dekabr 2021-ci il tarixli MN1063347 protokola əsasən Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilmişdir. O, iclas protokollarını göndərməyi gecikdirdiyi üçün barəsində inzibati protokol tərtib olunub. Günahı olduğunu qəbul edir. Protokol əsaslı olaraq tərtib olunmuşdur. Sonda Şəxs məhkəmədən törətdiyi əməldən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 15 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqından protokoldan görünür ki, 18 noyabr 2021-ci il tarixli (protokol 05) qərarın surəti qəbul olunduqdan 9 iş günü gec, yəni 01 dekabr 2021-ci il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmiş, habelə Suraxanı rayonu X2 sədri Şəxs protokoldaki izahatında mövcud qanunvericiliyin tələblərini pozduğunu etiraf etmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar