Məhkəmə qərarları › İş №3(010)-2313/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2313/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2313/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 30 iyun 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3905/2020 nömrəli qətnaməsinə dair xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclaslarında inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X1 protokolu müdafiə edərək bildirdi ki, 24 fevral 2021-ci il tarxdə icra vərəqəsi icraatına daxil olmuşdur və həmin icra vərəqəsinə əsasən, 17.030 manat borcludan tutulub tələbkara ödənilməli idi. Şəxsin əmlakına yönəldilmə üçün nəqliyyat vasitəsi ilə bağlı məhkəməyə təqdimat verilmiş, nəqliyyat vasitəsinin oğurluq olduğu ortaya çıxmış, bununla bağlı cinayət işi də olmuşdur. Daha sonra isə borc bir müddət şəxsin əmək haqqına yönəlmiş və şəxs 13.000 manat ödəmişdir, hazırda 4030 manat borcu vardır. Qeyd etdi ki, borclu ayda 400 manat olmaqla ödəniş edirdi, lakin son ay 200 manat ödədiyindən, tələbkar narazıdır. Bildirdi ki, 3500 manat borc qalıb, 4000 manatdan 500 manat ödəyib. Odur ki, borclunun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, il sonuna kimi borcu bağlayacaqdır, indiyədək yalnız bir ay ödəmədiyi olmuşdur. Bildirdi ki, ötən məhkəmə iclasından sonra 300 və 200 manat olmaqla, cəmi 500 manat ödəmişdir və ona 1 həftə vaxt verildiyi təqdirdə ödəniş edə bilər. Bu səbəbdən, ona vaxt verilməsini xahiş etmişdir. Son məhkəmə iclasında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə isə 150 manat ödəniş etmişdir. Əvvəlki məhkəmə iclaslarında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu 17.000 manat borcdan 13.000 manatını, məhkəmədə də əlavə 500 manatını ödəmiş və beləcə 3500 maat borcu qalmışdır. Qeyd edir ki, o, borcludan 2021-ci ildən bəri hər ay eyni sözü eşidir və borclu borcunu vaxtında ödəmir, telefona cavab vermir. Borclunun əmisinin 2 ay möhlət istədiyini və həmin möhləti də verdiyini, daha sonra borclu 300 manat da ödədiyindən 3200 manat borcu qaldığını bildirmiş, pulunun ödənilməsini tələb etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3905/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Şəxs 17000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3905/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 17000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3905/2020 nömrəli icra sənədlərinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, ümumilikdə 1800 manat məbləğlərində ödəniş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3905/2020 nömrəli qətnaməsinə dair xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə, təxminən 1000 manat məbləğindən artıq ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, bundan əlavə onun əmək haqqına yönəltmə edildiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3905/2020 nömrəli qətnaməsinə dair xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Eyni zamanda, məhkəmə iclasında təqdim edilmiş qəbzlərdən və barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin öz deməsinə görə xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə isə 150 manat məbləğində ödənişlər olub. Təqdim edilmiş qəbzlərdən görünür ki, protokol tərtib edildiyi vaxtdan sonra şəxs xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat məbləğində ödənişlər edib. Bütün bunlar şəxs tərəfindən ödənişlər olduğunu, qətnamənin icra edilməsindən bilərək yayınmadığını, qətnamə əsasında üzərinə düşən öhdəlikdən xəbərdar olduğunu və bu öhdəliyi yerinə yetirməyə çalışdığını sübut edir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar