Məhkəmə qərarları › İş №3(010)-2314/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2314/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2314/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru Mübariz Qasımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 19 iyun 2025-ci ildə polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və eləcə də, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru Mübariz Qasımov tərtib etdiyi MN seriyalı ******* nömrəli 30 iyun 2025-ci il tarixli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Babək prospektindən maşın üçün ehtiyat almağa getmişdir. Neftçilər dairəsindən çıxaraq Bakıxanov qəsəbəsi istiqamətində tez –tez gəlib getdiyindən həmin yerdə həmişə bir nəfər dəli olmuşdur. Hadisə günü də həmin dəlini görmüş, dəli qışqırmağa başlayanda iki nəfər qız uşağı dəlini görərək başlamışlar qaçmağa. O, maşını qız uşaqlarının qacdığı istiqamətə sürmüşdür. Uşaqlar onu da görüb qaçmışlar. Bu zaman uşaqlar ona demişlər ki, onları niyə izləyir. O, da demişdir ki, izləmir, sadəcə qışqırıb qaçdıqlarına görə kömək etmək istəyir. Uşaqlardan hara getdiyini soruşub maşınla onları aparıb düşürtməsini bildirmişdir. Sonra isə çıxıb həmin yerdən getmişdir. Bugün ona polis əməkdaşı zəng vuraraq 32-ci polis bölməsinə dəvət etmişdir. O, işdən çıxıb 32-ci polis bölməsinə gəldikdə bilmişdir ki, uşağın atası ondan şikayət etmişdir. Onun elə bir niyyəti olmamış, eyni zamanda o, polis əməkdaşına tabeçilik göstərməmişdir. Sadəcə burada anlaşılmazlıq olmuş, qız uşaqları ondan qorxmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32ci polis bölməsinin əməliyyat müvəkkili X1 izahatında bildirmişdir ki, vətəndaş X2 ərizəsi icraatına daxil olmuşdur. Araşdırma nəticəsində İ.Əliyevin barəsində şikayətçi olduğu ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xx xxxxxx 1993-cü il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. 30 iyun 2025-ci il tarixdə vət. Şəxs olduğu yer müəyyən olunmuş, 32-ci polis bölməsinin əməliyyat müvəkkili Toğrul Cəfərovla birlikdə yaxınlaşaraq özlərini təqdim etmişlər, araşdırma ilə bağlı 32-ci polis bölməsinə dəvət etmişlər. Şəxs onlarla birlikdə 32-ci polis bölməsinə yaxınlaşmaqdan imtina etmiş, səbəb soruşduqda Şəxs vətəndaş İlham Əliyevin barəsində şikayətçi olduğunu bildirmişlər. Buna baxmayaraq Şəxs yenə onların qanuni tələblərinə tabe olmayaraq 32-ci polis bölməsinə yaxınlaşmayacağını bildirmiş, dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, qəti şəkildə səs-küy salaraq dəfələrlə polisin qanuni tələblərinə tabe olmamış, səs-küy salaraq ətrafdakıların toplaşmağına bu yolla məsuliyyətdən yayınmağa nail olmağa çalışmışdır. xx xxxxxx 1993-cü il təvəllüdlü Şəxs 30 iyun 2025-ci il saat təxminən 14:45-də 32-ci polis bölməsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) X2 iştirakı ilə şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, hadisə günü o, rəfiqəsi ilə birlikdə hazırlıqdan gəlmişdir. Yolu keçərkən avtomobilin gəldiyini görmüşlər. Rəfiqəsi həmin avtomobilin onların yanına gəldiyini bildirmişdir. Onlar əvvəlcə qorxub mağazaya girmişlər, çıxdıqdan sonra yenə də həmin avtomobilin dayandığını və onları gözlədiyini görmüşlər. Avtomobilin şəklini çəkmişlər. Bir qədər uzağa getdikdən sonra avtomobilin arxalarınca gəldiyini,onları təqib elədiyini görmüşlər. Yenə də həmin yerdən qaçaraq bir yerdə oturmuşlar. Qayıtdıqdan sonra yenə də həmin avtomobilin yolun kənarı ilə yavaş yavaş gəldiyini görmüşlər. Avtomobilin sürücüsü onlara pəncərədən nəsə söz deyərək dialoq qurmağa çalışmışdır. Onlar da qorxudan bina tərəf qaçmış və orada gizlənmişlər. Oradan çıxdıqdan sonra yenə də həmin avtomobilin dayandığını onları gözlədiiyini görmüşlər. Avtomobilin sürücüsü maşında oturaraq onlara nəsə demişdir. Amma onlar sürücünün nə dediyini eşitməmişlər. Onlar sürücüdən nə istədiyini soruşmuşlar. Sürücü ondan qorxmamasını deyərək onlarla dost olmasını istəmişdir. O, demişdir ki, onun 15 yaşı var, sürücü isə demişdir ki, ne olsun mənim də çox yox 22 yaşım var, onlar kimi uşaqdır. Onlar sürücüyə dost olmaq istəmədiklərini bildirmişlər. Sürücü onlara avtomobilə minərək restorana aparmasını təklif etmişdir. Onlar sürücüyə çıxıb getməsini bildirmişlər. Sürücü avtomobildə oturaraq onlarla danışmış, onlardan mobil nömrə və “instaqram” soruşmuşdur. Onlar sürücüdən çıxıb getməsini istəmişlər və yenidən həyətlərin arasına gedərək gizlənmişlər.Sürücü çıxıb getdikdən sonra, rəfiqəsi ilə evə getmək üçün uzaq yol seçmişdir ki, birdən sürücü yenidən dalınca düşərək evinin yolunu tapar. Bu vəziyyətdən çox qorxmuş, neçə gün hazırlığa gedə bilməmiş və evdən çıxmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətaları törətməsi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 30 iyun 2025ci il tarixli inzibati xəta haqqında protokol, proses iştirakçılarının və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirildiyindən, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 30 iyun 2025-ci il saat 18:30-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar