Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2318/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinin baş məsləhətçi müfəttişi X4 iştirakları ilə, X6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 01 iyul 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X6 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Quşçuluq sovxozunda yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********62 reyestr nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinin müdiri X7 tərəfindən xx.xx.2025-ci il tarixli ******* saylı protokol və xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi istinad edilərək 500 manat cərimə tətbiq edilmişdir. Protokol və qərar barədə məlumatı isə Suraxanı rayon İcra və Probasiya İdarəsindən bildirişi rəsmi şəkildə aldıqdan sonra məlumat almışdır. O, qərardan narazıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuş, həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 247.1ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Lakin, qərarda və protokolda qeyd edildiyi kimi o, torpağdan təyinatdan kənar istifadə etməmişdir. Torpaq sahəsi üzərində hazırda hər hansı bir tikili yoxdur. Ümumiyyətcə torpaq sahəsini 2023-cü ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Tərtib olunan protokol və qərar haqqında vaxtında məlumatı olmamışdır. Qeyd edilən torpaq sahəsi kənd təsərrüfatlı məqsədlə istifadə edilmişdir. O, bu faktı fotoşəkillər vasitəsilə də sübut edə bilər. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinin müdiri X7 tərəfindən xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarın ləğv edilərək, barəsində tətbiq edilmiş 500 manat cərimə tənbehinin silinməsinə və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X10 izahatında bildirdi ki, ərizəsində qeyd olunanları təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, qeyd etdiyi 6 sot torpaq sahəsini 2023-cü ildə ucuz qiymətə almışdır. Torpaqı alan zaman 2 metr məsafədə hasara alınmış vəziyyətdə idi, lakin hasarın bir hissəsi dağılmışdır. Həmin torpağın hasara alınmasının qadağan olub-olmamasını Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsindən və polis əməkdaşlarından qeyd etdiyi ərazidə olan zaman soruşduqda ona torpağın hasara alınmasının qanunsuz olmadığını bildirmişlər. Torpaq sahəsini aldıqdan bir ay sonra hasara almışdır. Sonda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinin baş məsləhətçi müfəttişi X8 izahatında bildirdi ki, X3 təsərrüfatı təyinatlı torpaqda tikinti aparmışdır. Qeyd olunan ərazidə tikintinin aparılması qadağan olunduğu üçün X9 zəng olunaraq barəsində protokol və qərar tərtib olunacağı barədə məlumat verilmişdir. Sonra barəsində protokol və qərar tərtib olunaraq poçt vasitəsi ilə şəxsin ünvanına göndərilmişdir. Poçt göndərilən məktubu geri qaytarmış və məktubda şəxsin göstərilən ünvanda yaşamadığı qeyd olunmuşdur. X2 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X10 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, qərardan məlumatı olmamış, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsi ilə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddəti qərar barədə məlumatı Suraxanı rayon İcra və Probasiya İdarəsindən bildirişi rəsmi şəkildə aldıqdan sonra məlumatı olmuş və bu səbəbdən müddəti buraxmışdır. Buna görə də məhkəmənin 10 iyul 2025-ci il tarixli qərardadı ilə X10 tərəfindən şikayət vermək üçün nəzərdə tutulmuş itirilmiş müddət üzürlü hesab edilərək vəsatəti təmin olunmuş və 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən şikayət verilməsi müddəti bərpa edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsi və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati tənbeh vermə haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarından görünür ki, Suraxanı rayonunun inzibati ərazisi daxilində Abşeron quşçuluq sovxozunda vətəndaş X6 icarəsində olan 0,02 ha KTT torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilmiş, bununla da, X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sonuncu 01 iyul 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmiş və şikayət bununla əsaslandırılmışdır ki, torpaqdan təyinatdan kənar istifadə etməmişdir. Torpaq sahəsi üzərində hazırda hər hansı bir tikili yoxdur. Qeyd edilən torpaq sahəsi kənd təsərrüfatlı məqsədlə istifadə edilmişdir. Məhkəmə X6 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli Qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İXM-nin 247.1-ci maddəsi torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. İş materiallarından göründüyü kimi X10 fiziki şəxsdir. İş materiallarına inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X10 tərəfindən əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2023-cü ilin iyul-avqust aylarında çəkilmiş fotoşəkillərdə torpaq sahəsinin dörd tərəfinin təxminən 2 metr hündürlüyündə mişar daşı ilə hasarlanması giriş hissəsinin isə elektrik dirəyinin yanında darvaza qoyulması məqsədilə boş saxlanılması müəyyən edilmişdir. 11 iyul 2025-ci il tarixli fotoşəkillərdən isə həmin torpaq sahəsinin hasarının bir qisminin uçurulduğu, lakin hasarlanmış sahənin digər hissəsində elektrik dirəyinin yanında giriş qapısının quraşdırıldığı aşkar görünür. Həmçinin qeyd olunmalıdır ki, torpaq sahəsinin içərisində hər hansı tikili və ya qurğu mövcud olmasa da torpaq sahibi tərəfindən torpaq sahəsinin ərazisi çəpərlənmə və ya yüngül konstruksiya ilə hasara alınmamış, içərəsində kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və s. Müəyyən edilmədiyindən, torpaq sahəsi mişar daşı ilə hasara alındığı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayan başqa məqsəd üçün istifadəsini göstərən hal kimi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsin əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Qanunun 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Qanunun 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X6 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2318/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2318/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver