Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2327/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ekol Vəkil Bürosunun vəkili, Nümayəndə2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi nümayəndə, X5 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 02 iyul 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 24 iyun 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 09:00-dan saat 11:55-ə kimi Şəxsndə fəhlə vəzifəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə 24 iyun 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində X10 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi nümayəndə, X9 izahatında bildirmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 09:00-dan saat 11:55-ə kimi Şəxsndə fəhlə vəzifəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş və iş yerində xəsarət almışdır. Hadisə xx.xx.2024-cü il tarixdə səhər saat 09:00-da baş vermiş, X2 həmin gün saat 11:49-da rəsmi qaydada işə götürülmüşdür. X1 izahatı alınmış və izahatında səhər saat 09:00-da işə başladığını təsdiq etmişdir. Bünyad Təhməzov xx.xx.2024-cü il tarixdə ərizə yazaraq işə qəbul olunmasını xahiş etmiş, həmin gün ona təhlükəsizlik qaydaları izah edilmiş, zəruri geyim ləvazimatları verilmiş, xx.xx.2024-cü il tarixdə isə səhər saat 09:00-dan işə başlamışdır. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ekol Vəkil Bürosunun vəkili, Nümayəndə2 izahatında bildirmişdir ki, X2 06 avqust 2024-cü il tarixdə qaydalarla tanış olaraq vəzifə təlimatına qol çəkmiş və şirkətlə aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən X2 07 avqust 2024-cü il tarixdə səhər saat 09:00-dan etibarən işə başlamalı idi. X2 07 avqust 2024-cü tarixdə səhər saat 09:00-da işə başlamış və xəsarət almışdır. Əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsində texniki problem olduğundan həmin bildiriş xx.xx.2024-cü il tarixdə sistemə daxil edilə bilmişdir. İşçinin əmək müqaviləsi həmin gün bağlanmışdır. Bildirmişdir ki, X2 lazımi bütün maddi yardım olunmuş, xəstəxana xərcləri şirkət tərəfindən qarşılanmışdır. X1 şirkətə qarşı heç bir şikayəti və tələbi yoxdur, hazırda da şirkətdə işləyir. X2 ona həvalə olunmayan işlə məşğul olan zaman xəsarət almışdır. Bildirmişdir ki, şirkətin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını, inzibati xəta haqqında protokolun əsassız olaraq tərtib edilməsini və MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahat verərək göstərdi ki, hadisə zamanı özü orda olmuşdur. Həmin gün şirkətdə fəhlə işləyən X2 işə götürülən gün xəsarət almışdır. Onlar X1 rəsmi işə götürüldüyünü və əmək müqaviləsinin sistemə əlavə olunduğunu bilmişlər. Müqavilə işlərinə şirkətdə işləyən xanım baxır. Sənədləri özü qəbul edir, lakin xanım həmin sənədləri sistemə yerləşdirir. Sistemdə gecikmə olduğuna görə X1 əmək müqaviləsinin sistemə yerləşdirilməsində texniki problem olmuşdur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, X7 Şəxsndə fəhlə işləyən zaman xəsarət almış və ona sol əlin əzilmiş-cırılmış yaraları, İİ-V daraq sümüklərinin yerdəyişmiş sınıqları, İ-barmağın proksimal falanqasının natamam amputasiyası, əlin sıxılma sindromu diqanozu qoyulmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə “Chenguo Construction" MMC ilə arasında fəhlə vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan X3 ərizə və izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə “Chenguo Construction" MMC-də fəhlə vəzifəsində işə başlamış, həmin gün əlindən xəsarət almış və sol əlində 4 darağ sümüklərin və baş barmağın amputasiyası ilə travmatologiya institutuna yatırılmışdır. Hazırda müalicə aldığını bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə “Chenguo Construction" MMC-də fəhlə vəzifəsində işləmək üçün müraciət etmiş, şirkətdəki işin qaydaları ilə tanış olmuş, xx.xx.2024-cü il tarixdə səhər saat 09:00-da işə başlamış və barmağından xəsarət almışdır. Məhkəmə qeyd edir ki, X2 Şəxsndə xx.xx.2024-cü il tarixdə saat 09:00-da fəhlə vəzifəsində işə başlamış, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xəsarət almışdır. İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalara görə inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbeh verilə bilər. Hazırki iş üzrə inzibati xəta 07 avqust 2024-cü il tarixdə törədilmiş, buna görə də 1 illik müddət bitmədən yəni 04 avqust 2025-ci il tarixdə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. İXM-nin 16-1-ci fəslində əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri öz əksini tapmışdır. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 127-4.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 13-cü bəndinə əsasən Məcəllənin 196, 198.2, 198.3, 204, 205-1.2 və 441-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından – əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X10 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş əmək müfəttişləri və əmək müfəttişləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin rəisi tərəfindən tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, X7 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək fəhlə peşəsinə işə qəbul üçün müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ƏMR 116 nömrə ilə o, işə qəbul olunmuş, işçi davranış qaydaları ilə tanış edilmiş, xx.xx.2024-cü il tarixdə saat 09:00-da işə başlamış, saat 11 radələrində iş vaxtı xəsarət almış, lakin işçi ilə bağlanmış əmək müqaviləsi bildirişi elektron sistemə xx.xx.2024-cü il tarixdə saat 11:50-də daxil edilmişdir. Göründüyü kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməklə İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. İXM-nin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2327/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2327/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver