Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2329/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X9 qızının katibliyi, Şəxs iştirak ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 13 iyun 2025-ci il tarixli protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da idarə etdiyi “Kia Cerato” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 10 iyun 2025-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, dövlət tərəfindən ona maşın verilib, lakin mexanika olduğu üçün idarə edə bilmir. Bu səbəbdən o avtomat formalı maşın almışdır. O, səhvin özündə olduğunu, düz xəttlə idarə elədiyini, sonra qarşısında qırıq-qırıq xətti görüb dönmüş, maşından düşdükdən sonra qırıq xətlərin bitdiyini, maşının düz xətdə olduğunu görmüşdür. Həmin vaxt yerində yoxlanış edilmiş, zərərçəkmiş olan şəxs Orucəli Nəcəfov və onun qızı olmuş, ilkin tibbi yardlm göstərmiş, təcili tibbi yardım çağırmış, şəxslər də ayaqüstə olmuşlar. Araşdırma aparılmış, o, polisdən də soruşmuş, şikayət olmadığı bildirilmişdir. Qəza olan vaxt Orucəli Nəcəfov özünü narahat hiss etmiş, yaxınlıqdakı “Appro” klinikasına aparmış və ümumi “check-up” etdirmişdir. Bu 526 manat eləmiş, o da dövlət tərəfindən ödəniş edilsə, özünün təqaüdü aldıqdan sonra ödəyəcəyini bildirmişdir. Orada razılaşma olmamışdır, o da qanunla baxılmasını bildirmişdir. O, öz maşınına 2000 manat xərc qoymuşdur. O, hazırda evli olduğunu, 2 azyaşlı övladları, özünün fiziki məhdudiyyətli, himayəsindəki atasının 1-ci qrup əlil olduğunu və qeyd etdiklərinin nəzərə alaraq qanun çərçivəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasi iXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞ-nə aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 380 saylı rəyində göstərilmişdir ki, X1 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sol qabırğaaltı nahiyənin yumşaq toxumasının hematoması, sağ qasıq nahiyəsinin qançırı və sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşınının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 385 saylı rəyində göstərilmişdir ki, X2 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin qançırı, sol sağrı nahiyəsinin hematoması, sol bazu oynağı nahiyəsinin və belin sol iç səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşınının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da idarə etdiyi “Kia Cerato” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50 km surətlə Suraxanı rayonu Ramana qəsəbəsində geriyə dönmək məqsədi ilə idarə etdiyi avtomobili sola döndərmiş və idarə etdiyi avtomobilin sol yan hissəsi arxadan eyni hərəkət zolağı hərəkət etmiş “Nissan Sunny” markalı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Qəza nəticəsində o, xəsarət almamış, X4 və X5 xəsarət almışlar. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 azyaşlı övladının, özünün fiziki məhdudiyyətli, himayəsindəki atasının 1-ci qrup əlil olması məsuliyyətini yüngülləşdirən hallardır və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2329/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2329/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver