Məhkəmə qərarları › İş №3(010)-2330/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2330/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2330/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN **********, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 02 iyul 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 17 iyun 2025-ci il tarixli, 14000-01536/25 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) ünvanına X4 nəqliyyat vasitəsi daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinə dair **********5677 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X8 Bölməsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X12 tərəfindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 17 iyun 2025-ci il tarixli, 14000-01536/25 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X2 17 iyun 2025-ci il tarixli qərardadı ilə hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, protokol tərtib olunarkən izahat vermiş şəxs nümayəndə X10 hazırda şirkətdə işləmir. Hazırda şirkət ünvan 2 ünvandan çıxmışdır. Bildirmişdir ki, ilk dəfə olaraq Baş Gömrük idarəsində belə bir hal yaşanmışdır. Şirkət indi fəaliyyət göstərir və bir daha gecikmə halları baş verməyəcəkdir. Pozuntu qəsdən və ya ehtiyatsızlıqla törədilməmiş, texniki səbəbdən yaranmış və dərhal aradan qaldırılmışdır. Dövlət büdcəsinə hər hansı ziyan dəyməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq şirkət barəsində başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini və ya ilk dəfə baş verdiyindən şirkətə xəbərdarlıq edilməsini məhkəmədən xahiş etdi. Hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə şirkətin drektoru X7 şikayətini təqdim edir. Şikayətdə şirkətin drektoru şikayətində bildirmişdir ki, Şəxs MMC-nin direktorudur. Rəhbərliyi altında 30 nəfərə yaxın əməkdaş çalışır. Şirkətləri Respublikanın ən tanınmış şirkəti olduğundan dolayı bütün işləri tam və həssas şəkildə rəsmi, heç bir pozuntuya və boşluğa yol vermədən aparmışlar, lakin bu hadisənin baş verməsi onun təqsiri deyildir. Azərbaycan Respublikası Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında Qərarında qeyd olunmuşdur ki, araşdırılma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına X4 nəqliyyat vasitəsi gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********5677 sorğu nömrəli gömrük bəyannaməsi təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində deyil, gec verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraat çərçivəsində bildirmişdir ki, idxal olunmuş nəqliyyat vasitəsinin gömrük bəyannaməsi 15 gün ərzində təyin olunmuş gömrük orqanına təqdim edilməmişdir. Lakin qeyd olunan müddətin pozulması Şəxs MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəbdən yəni, şirkətin həmin dövrdə gömrük qeydiyyat koduna malik olmaması ilə bağlı olmuşdur. Bu səbəbdən gömrük orqanının informasiya sistemində qeydiyyat mümkün olmadığından bəyannamənin təqdim edilməsi texniki cəhətdən qeyri-mümkün olmuşdur. Belə ki, hal-hazırda Bakı Kommersiya Məhkəməsində Subicarə müqaviləsi bağladığı cəmiyyət ilə məhkəmə prosesləri davam edir. Subicarə verən artıq uzun müddətdir ki icarədə olduqları obyektə köhnədən qalan icarəçi ilə problem yaşadığından olduqları yerdə qeydiyyata düşə bilməmişlər və buna səbəb olaraq da ilk dəfə olaraq Baş Gömrük idarəsində belə bir hal yaşanmışdır. Bir neçə həftə öncə artıq indi fəaliyyət göstərdikləri obyektdə qeydiyyata düşə bilmişlər və bundan sonra idxal edilən avtomobillərin bəyan edilməsində gecikmə halları baş verməyəcəkdir. Gömrük qeydiyyat kodu əldə olunduqdan dərhal sonra bəyannamə təqdim edilmiş və gömrük ödənişləri tam şəkildə yerinə yetirilmişdir. Bu baxımdan, pozuntu qəsdən və ya ehtiyatsızlıqla törədilməmiş, texniki səbəbdən yaranmış və dərhal aradan qaldırılmışdır. Dövlət büdcəsinə hər hansı ziyan dəyməmişdir. Yuxarıda göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.2-ci maddələrini rəhbər tutaraq xahiş etmişdir ki, şirkət barəsində başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin və Azərbaycan Respublikası Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP № ******* seriya və nömrəli “İnzibati xəta haqqında Qərar” ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tövsif olunmuşdur. İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin (VÖEN: **********) ünvanına X4 nəqliyyat vasitəsi gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********5677 sorğu nömrəli gömrük bəyannaməsi təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində deyil, gec verilmişdir. Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarına əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş nəqliyyat vasitəsinə dair gömrük bəyannaməsi nəqliyyat vasitəsinin təyinat gömrük orqanına çatdırıldığı vaxtdan 15 gün ərzində təqdim olunmamışdır. Barəsində icraat aparılan Şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi X10 (AA 0120187, FİN: 2CSMHLY) dövlət gömrük komitəsində verdiyi izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC-nin (VÖEN: **********) ünvanına X4 **********5677 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan nəqliyyat vasitəsi idxal olunmuşdur. Sənədlərdə yaranmış problem ilə əlaqədar tərəflərindən nəqliyyat vasitəsi qanunvericiliklə nəzərdə tutulduğundan daha gec bəyan edilmişdir. Dövlət Gömrük Komitəsi X1 Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X5 fəaliyyət göstərən GLB LOGİSTİCS CORP şirkəti tərəfindən hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 16:59da X9 gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmişdir. Şirkət tərəfindən sözügedən mallar barəsində Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə 13 iyun 2025-ci il tarixdə **********5677 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, **********10646 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 16:06-da X4 gömrük postunu keçərək ölkə ərazisinə gətirilmiş, gömrük bəyannaməsi isə 13 iyun 2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 24-cü maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. İXM-nin 24.2-ci maddəsinə əsasən xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Hazırki iş üzrə İXM-nin 493-cü maddəsinin sanksiyasında xəbərdarlıq inzibati tənbehi qeyd olunmamışdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN **********, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar