Məhkəmə qərarları › İş №3(010)-2362/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2362/2023

10.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2362/2023 10.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci Polis bölməsinin polis kapitanı Həsənov Orxanın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu, Suparibağ kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32ci Polis bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü ildə, saat 03:10-da Bakı şəhəri, Suraxanı rayonu ərazisində olarkən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərdiyi üçün inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci Polis bölməsinin polis kapitanı Həsənov Orxanı göstərdi ki, Şəxs dostları ilə bir məclisdə yeyibiçdikdən sonra evə getmiş və daha sonra həmin evdə mübahisə yaranmışdır. Bununla AR DİN-in 102 xidmətinə məlumat daxil olmuş və Şəxs polis bölməsinə gətirildikdən sonra əməkdaşların qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. Hesab edirəm ki, içkili vəziyyətdə olduğu üçün bu əməli törətmişdir və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etdi. Əlavə olaraq qeyd etdi ki, bu əməli məhz içkili vəziyyətdə olduğu üçün törətmişdir və əməlindən peşmandır. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Belə ki, inzibati xətanın törədilməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidirdir. İnzibati tənbeh növü seçərkən məhkəmə törədilmiş xətanın xarakterini və Şəxs şəxsiyyətini nəzərə alır. Qeyd olunanları nəzərə alan məhkəmə Şəxs barəsində cərimə tənbeh növünün seçilməsini əsaslı hesab edir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş “İnzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il, saat 03.10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin yuxarıda göstərilən maddəsini nəzərə alan məhkəmə Şəxs barəsində 150 manat məbləğində cərimə tənbeh növünün seçilməsini əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar