Məhkəmə qərarları › İş №3(010)-2398/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2398/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2398/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi Bərzu Həşimovun, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 02 dekabr 1967-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-cu polis bölməsi tərəfindən təqdim olunmuş 12 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 may 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 05 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüşdür. İşin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi Bərzu Həşimov protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə baş vermiş hadisə vaxtı Şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 15, 154 saylı mənzilin girişində onu yumruqla vurmuş, zərbədən o, yerə yıxılaraq ona təcili yardım çağırmışlar. İnzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə digər Zərərçəkmiş şəxs2 vaxtında məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə digər zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisə vaxtı, yəni 05 aprel 2023-cü il tarixdə Şəxs yaşadığı mənzilin girişində onu yumruqla vurmuş, başı betona dəydiyindən qan qusmuşdur. İşə məhkəmədə baxılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hadisə günü, yəni 05 aprel 2023-cü ildə zərərçəkmiş şəxslər 7 nəfər şəxslə ünvan 2 ünvanına gəlmişdilər. Əvvəl səhvən aşağı mərtəbəyə gəlmişdilər. O, səs küyə çölə çıxmaq istəyəndə zərərçəkmiş şəxslər evin qapısını açaraq evə daxil oldular. O, heç kimi vurmamışdır. Zərərçəkmiş şəxs2 aşağı qonşunun evindən çıxanda qapının qulpu böyür hissəsinə dəymiş, Zərərçəkmiş şəxs1 isə sonradan halı pisləşdiyindən təcili tibbi yardım çağırmışlar. 102 xidmətinə zəng vurmuş, onları Suraxanı Rayon Polis İdarəsinin 32-cu polis bölməsinə aparmışlar. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Canlı şəxsin ekspertizası ilə bağlı 07 aprel 2023-cü il tarixli 258 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1961-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına, adına tərtib olunmuş tibbi sənədə əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, onun ənsə nahiyəsinin şişkinlik halında əzilməsi aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05 aprel 2023-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. Canlı şəxsin ekspertizası ilə bağlı 07 aprel 2023-cü il tarixli 259 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1977-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, onun bel nahiyəsinin və sağ budun qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05 aprel 2023-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Eldar Rəhimov tərəflərin izahatını və ekspert rəylərini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibatidelikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmis şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə sübut qismində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatları çıxış etmişdir ki, onlar, da qərəzlidirlər. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar