Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2407/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 04 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, bu maşını alanda gündüz vaxtı zəng eləmişdir ki, “maşını bəyənmişəm”. O da demişdirki, maşına yalnız gecələr saat 10-11 radələrində baxa bilərsən. Ona maşının yalnız 40 manat məbləğində xərci olduğunu demişdir. O, maşını kreditlə almış, ilkin ödəniş verib almışdır. Sonradan ustaya aparmış və usta ona 40 manat yox, 300 manat məbləğində xərci olduğunu demişdir. 1 həftə sonra maşının motorunda problem yaranmış və o zəng edərək maşını geri qaytarmaq istədiyini, maşını rənglədib düzəldərək satmağı və hər ikisinin paylarını götürməsini demişdir, bu təklifi ilə maşının ahibi razılaşmış və o, maşını aldığı şəxsə 5 ay ərzində hər ay 250 manat ödəniş etmişdir. O, bir günü 20 manata işləyən biridi, maşına da 4000 manat məbləğində pul qoymuşdur, bu səbəbdən sonrakı ay ödənişini biraz gecikdirmişdir. Bu zaman maşın sahibi ona günə 10 manat verməsini bildirmiş, sonrakı gün isə zəng edərək maşını götürəcəyini bildirmişdir. O, maşna qoyduğu xərci ona qaytardıqdan sonra götürə biləcəyini demişdir. Maşının sahibi onunla razılaşmasına baxmayaraq tez-tez zəng edərək maşını götürəcəyini demiş, ona psixoloji travma yaşatmış, təhqiramiz sözlər deyərək üstünə gəlmişdir. O isə əsəbini maşından çıxmışdır. Maşının faktiki qiyməti 2700-3500 manat məbləğindədir. Onun aldığı maşın markası Daewoo Nexia olmuş, lakin şəxs polisə məlumat verəndə Daewoo Centra maşını olduğunu demişdir. Həmin maşının hazırki qiyməti 8000-12000 manata qədərdir. Həmin maşın alınandan heç silinməyib, ancaq ustaların yanında düzəldilməkdə olub. O maşını alan vaxt müqavilə ilə almışdır, ancaq maşını geri götürəndə icazəsi olmadan götürmüşdür. O da maşının şüşəsini təpiklə vuraraq sındırmışdır, daha sonra isə maşının sahibinə əsəbləşərək daşla vurmuşdur. Sonradan maşın 50 manat cərimələnmiş və cərimə də onun adına gəlmişdir. O, 550 manat ilkin ödəniş etmiş, maşını aldıqdan sonra arxa və qabaq şüşədə olan çatları özü dəyişdirmişdir. O, özünün düzəltdirdiyi hissənin 10 faiz hissəsini sındırmışdır. Maşını alanda yararsız vəziyyətdə idi, ancaq maşını aldıqdan sonra xərc çəkərək yararlı vəziyyətə gətirmişdir. Yararlı vəziyyətdə olduqdan sonra gəlib maşını ondan istəmişdir. O, maşında özünün təmir etdiyi, dəyişdirdiyi hissələri sındırmışdır, bu isə maksimum 1000 manat edə bilər. Maşına dəymiş zərər barədə tərtib edilən qüsur aktı və ya ekspert rəyi ona təqdim edilməmiş, heç biri ilə tanış edilməmişdir. O, maşını aldığı vaxt sınıq olan qabaq və arxa şüşələrini dəyişdirmişdir, ola bilər ki, dəyişdirilib yeni qoyulmuş şüşələrə görə qiymət hesablanıb, ancaq həmin hissələrdə belə original parçalardan istifadə etməmişdir. O, dəymiş zərərin məbləğinin 2440 manat olmasının mümkün olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Şəxs "xxxx" QSC Servis Mərkəzi tərəfindən verilmiş qüsur aktı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/9778 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi ilə tanış edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən X1 hüquq və vəzifələrin izah edilməsi barədə qeyd olsa da, lakin X1 hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Qeyd olunanlardan görünür ki, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin iş materiallarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qüsur aktının və ekspert rəyinin təqdim edilməsi barədə sübut yoxdur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 232- 1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və materialın geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 17 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2407/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2407/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver