Məhkəmə qərarları › İş №3(010)-244/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-244/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-244/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 1962-ci ildə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 fevral 2014-cü ildə verilmiş 27 dekabr 2013-cü il tarixli 2(010)- 4824/2013 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınaraq tələbkar X3 verilməli, 15.000 (on beş min) manat məbləğində pul vəsaiti alınaraq tələbkar X5 verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq borclu Şəxs 30 (otuz) manat məbləğində pul vəsaiti tələbkarlar X4 və X2 xeyrinə tutulmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlanaraq iş üzrə borcluya həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə rəsmi qaydada göndərilmişdir. Bildirişdə borcluya 10 gün könüllü icra müddəti müəyyən edilməsinə baxmayaraq bu günədək məhkəmə qərarı üzrə müəyyən edilmiş tələb borclu tərəfindən təmin edilməmişdir. Borcludan icra sənədinin icrası ilə bağlı izahat alınmış və o, izahatında qərar üzrə borclarını tamamilə ödədiyini, bu səbəbdən məhkəmə qərarı üzrə heç bir ödəniş etmək niyyətində olmadığını, lakin ödənişlər barədə heç bir sübutu olmadığını bildirmişdir. Bundan əlavə borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar