Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2455/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində “HYUNDAİ SANTA FE minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətindən üzü Şuşa şəhərciyi istiqamətində hərəkətdə olarkan anidən sükan arxasında yuxuladığından idarə etməni itirərək yolun solunda hərəkət edən "Changan” markalı avtomobilə çırpılmışdır. Çırpılma anında “Changan" markalı avtomobilin arxasında hərəkət edən avtomobildə həmin avtomobilə çırpılmışdır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Hüseyn Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. 30 iyun 2025-ci il tarixdə Suraxanı RPİ-nin DYPŞ-nin polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi “Nissan Maxima” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Şuşa şəhərciyi istiqamətindən üzü Ramana qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda hərəkət edən “Changan" markalı avtomobilə “Hyundai” markalı avtomobil çırpılmışdır. Həmin an o idarəetməni itirmiş və Changan markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Avtomobildən enmiş və Changan markalı avtomobilin sürücüsünə yaxınlaşmış, köməklik göstərib avtomobildən çıxarmışdır. Daha sonra 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisəni görə ətrafdakı insanlar yaxınlaşmış və TTYS-na zəng etdib məlumat vermişlər. Bir müddətdən sonra TTYS-nın əməkdaşları gəlmişlər və “Changan” markalı avtomobilin sürücüsünü Sabunçu xəstəxanasına aparmışlar. Hadisə zamanı hava açıq, yol asfalt örtüklü olmuşdur. Hadisə vaxtı o ayıq olmuş və xəsarət almamışdır. Bildirmişdir ki, avtomobilinə 3000 manata yaxın ziyan dəymiş, lakin sığorta ziyanın məbləğini 700 manat müəyyən etmişdir. Sığorta şirkətinə ziyanla bağlı müraciət etmiş və qiymətləndirmə olduğdan sonra ziyanın məbləği 2000 manat müəyyən olunmuşdur. Ziyanın məbləği olan 3000 manatı tələb edir və ya avtomobilinin təmir olunmasını istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:00 radələrində etibarnamə ilə idarə etdiyi “Changan A05" markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Ramana-Şuşa qəsəbəsi istiqamətindən üzü Suraxanı rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən, anidən "Hyundai” markalı avtomobil onun idarə etdiyi avtomobilə qabaq sol tərəfdən çırpılmışdır. Çırpılma zamanı avtomobilinin arxa hissəsinə də başqa bir avtomobil çırpılmışdır, hava yastığı açılmış üz nahiyənə dəymişdir. Daha sonra onu avtomobildən çıxarmışlar. TTYS-na zəng edib hadisə barədə məlumat vermişlər. Bir müddətdən sonra TTYS-nın əməkdaşları gəlmişlər və onu Sabunçu xəstəxanasına aparmışlar. Orada müayinə edib onu evə yola salmışlar. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Hadisə vaxtı o ayıq olmuşdur. Bildirmişdir ki, avtomobilin kasko sığortası var, lakin dəymiş ziyanı tam qarşılamır. Sığorta şirkəti 2000 manat ödəniş etmiş və 3000 manat ödəniş qalmışdır. Qarşı tərəf barışıqla bağlı heç bir cəhd etməmiş və ziyanı ödəməmişdir. Buna görə də dəymiş ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Avtomobilə dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü tam təqsirli bilərək izahat verib bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətindən üzü Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan zaman anidən sükan arxasında yuxuladığından idarəetməni itirərək yolun solunda hərəkət edən "Changan” markalı avtomobilə çırpılmışdır. Çırpılma anında “Changan" markalı avtomobilin arxasında hərəkət edən avtomobil də həmin avtomobilə çırpılmışdır. O, dərhal avtomobildən çıxmış və çox qorxmuşdur. Hadisəni görən şəxslər yaxınlaşıb köməklik etmişlər. TTYS-na zəng edib hadisə barədə məlumat vermişlər. Bir müddətdən sonra TTYS-nın əməkdaşları gəlmişlər və “Changan" markalı avtomobilin sürücüsünü Sabunçu xəstəxanasına aparmışlar. Hadisə zamanı hava açıq, yol asfalt örtüklü olmuşdur. Hadisə vaxtı o ayıq olmuş və xəsarət almamışdır. Hadisə baş verən zaman onun təxmini sürət həddi 60-70 km saat olmuşdur. Bildirmişdir ki, anası əməliyyat olunduğuna görə başı qarışıq olmuş və buna görə də zərərçəkmiş şəxslərlə maraqlana bilməmişdir. Zərərçəkmiş şəxs2 ondan 7000 manat pul tələb edir və bununla bağlı onu məhkəməyə verərək mülki qaydada ziyanı tələb edir. Sonda Şəxs ilk dəfə bur cür inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 422 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərburun sümüyünün qapalı xətti sınığı, burun beli, hər iki gözaltı, döş qəfəsinin ön səthi, hər iki diz oynağı, qarın və sol bud-çanaq oynağı nahiyələrində qançırlar, sol said və sol diz oynağı nahiyələrində əzilmiş yaralar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan yol-nəqliyyat hadisəsinə baxış keçirilməsi haqqında sxemdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində baş vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 1/5587 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman Şəxs ayıq olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, zərərçəkmiş şəxslərin izahatları, məhkəmə tibbi ekspertiza rəyi, inzibati xəta haqqında protokol, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışığın əldə olunmamasını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1990-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2455/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2455/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver