Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-246/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 22 iyul 2021-ci ildə verilmiş 16 iyun 2021-ci il tarixli e-2(010)- 1847/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 104.211,68 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına 26 iyul 2021-ci ildə daxil olmuş və həmin tarixdə icraata başlanaraq borcluya müvafiq qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə 28 iyul 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilərək ona tələbin könüllü icrası üçün 10 gün müddət verilmişdir. Lakin bu günədək məhkəmə qərarının icrası borclu tərəfindən təmin edilməyib. Daha sonra borclu çağırışlara gəlmədiyi üçün və onun yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış qərarı qəbul edilərək Xətai Rayon Polis İdarəsinə göndərilmiş, 07 fevral 2022-ci ildə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borcludan icra sənədinin icrası ilə bağlı həmin izahat alınmış və o, izahatında məhkəmə qərarı üzrə ona təyin olunan borc tələbini qanunsuz hesab etdiyini və həmin şirkətə heç bir borcu olmadığını bildirmişdir. Bundan əlavə borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Borclu tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, məhkəmə işindən ümumiyyətlə xəbəri olmayıb. Məhkəmə qətnaməsinin surəti də ona təqdim edilməyib. 28 iyul 2021-ci ildə icra məmurunun çağırışı ilə Suraxanı rayon İcra şöbəsinə gəlmiş və orada bilmişdir ki, barəsində icra vərəqəsi verilib. Qeyd edir ki, "xxxx" MMC-yə heç bir, o cümlədən icra sənədində göstərilən 104.211,68 manat məbləğində pul borcu yoxdur. Ona görə də qətnamənin surətini rəsmi qaydada alıb apelyasiya şikayəti vermək niyyətindədir. Lakin bu günədək qətnaməni ala bilməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 icra məmurunun bildirdiklərinə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, borclu bu günədək icra sənədi üzrə heç bir ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Borclunun izahatında göstərilənlərə münasibət bildirərək məhkəmə qeyd edir ki, Şəxs barəsində məhkəmə qətnaməsi çıxarılması ilə əlaqədar ən geci 28 iyul 2021-ci il tarixində məlumatlandırılıb. Həmin tarixdən etibarən 06 aydan çox müddət keçib. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, borclu qətnamədən narazı qalmışdırsa yuxarıda göstərilən müddətdə qətnamənin surətini alıb onu apelyasiya qaydasında mübahisələndirə bilərdi. İşin hallarından görünür ki, borclu qətnamədən apelyasiya şikayəti verməyib. O, bu günədək apelyasiya şikayəti vermədiyini qətnaməni ala bilməməsi ilə izah etdiyinə baxmayaraq, məhkəməyə bu halı təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Belə olan halda borclunun dəlilləri inandırıcı sayıla bilməzlər. Məhkəmə hər bir halda qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1847/2021 nömrəli qətnaməsi qanuni qüvvədədir və bu səbəbdən də icra olunmalıdır. İşin faktik hallarından isə görünür ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-246/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-246/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver