Məhkəmə qərarları › İş №3(010)-2474/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2474/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2474/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə 08 oktyabr 1991-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-cu polis bölməsindən daxil olmuş 20 iyun 2022ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 20 iyun 2022-ci ildə saat 00.05-də X1 yaşadığı evin qarşısında saxladığı “VAZ 2107” minik markalı 10LD527 dövlət qeydiyyat nişanlı avtomaşının mühərrik yerindən 120 manat dəyərində “Mutlu” markalı akkumulyatoru, avtomaşının salonundan ümumi dəyəri 180 manat olan “Samsung” markalı maqnitofon və monitor dəstini oğurlama yolu ilə talayaraq, zərərçəkmiş şəxsə 300 manat miqdarında maddi ziyan vurmuşdur. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 20 iyun 2022-ci il saat 18.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar