Məhkəmə qərarları › İş №3(010)-2476/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2476/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2476/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, 15 yanvar 1980-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0UHAWYZ, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. 21 iyun 2022-ci il tarixdə X3 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 göstərdi ki, 30 may 2022-ci il tarixdə Quba rayonu Dağlı kənd stasionar kamera vasitəsi ilə 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir və ona 03 bal yazılmışdır. O, hesab edir ki, qərar əsassızdır. Belə ki, o, Yol hərəkəti haqqında qanunun 51-ci maddəsinin bütün tələblərinə əməl edərək ötmə əməliyyatı etmişdir. Əgər ona ötmə qadağandır nişanı nəzərə alınaraq cərimə yazılıbsa “Yol hərəkəti haqqında Qanunun, “Yol nişanları və siqnalları” haqqında 1968-ci il Vyana Konvensiyası və “Yol hərəkəti təşkilinin texniki vasitələri, “Tədbiq qaydaları” adlanan QOST ilə tənzimlənir. Bu normativ aktlarda Qanunun 69-cu maddəsinin 4-cü hissəsinin ikinci cümləsində deyilir ki yolun nişanlanmasından müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanı ilə birgə istifadə aitdir. Normanın mənasından aydındır ki, nişanlanma xətti yol nişanı ilə birgə tətbiq edilirsə onun təyinatı bu nişanın tələblərini dəqiqləşdirmək və ya tamamlamaq olmalıdır. Qanunun bu norması bütün nişanlanmalara aitdir. Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndindən və 2 saylı əlavəsinin 15-ci bəndindən aydın olur ki, əks istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş hərəkət zolağından istifadə olunmasının qadağan edilməsi zərurəti yarandıqda bütöv xətt çəkilməlidir. Başqa sözlə Konvensiya vurğulayır ki, əgər ək istiqamətdə zolağa çıxmağa yolverilməzdirsə, onda ayrıcı xətt 1.1 bütov xətt olmalıdır. Təqdim olunan foto şəkillərdən də aydın olur ki, o, 1.1 xəttinin bitməsindən, yəni təsir zonasından çıxandan sonra ötmə əməliyyatı həyata keçirmişdir. “QOST”-un 3.2.3-cü bəndində də imperativ şəkildə görsənir ki, 1.1 xətti əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün ötmənin qadağan edildiyi yerlərdə tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən də aydın olur ki, 1.5 xəttinin istənilən tərəfdən kəsmək olar və bu xətt hərəkət zolağına ötmə və digər manevrlər üçün çıxmağa icazə verilən yol sahələrinə tətbiq edilməlidir. Qanunvericiliyin tələblərinə sadə məntiqlə baxsaq 3.20 “ötmə qadağandır” daimi yol nişanı qoyulubsa və onun qüvvədə olduğu sahədə xətt çəkmək mümkündürsə, həmin xətt 1.1 bütov xətt olmalıdır. Foto şəkillərdən də görünür ki, yol səthi 1.1 xəttinin çəkilməsinə tam əlverişlidir. X2 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Quba rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, şikayətə əlavə edilmiş 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 30 may 2022-cici il tarixdə idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba-Qusar yolu Dağlı kənd yol ayrıcında idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş qərarla 60 manat cərimə olunmuşdur. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 30 may 2022-ci-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba-Qusar yolu Dağlı kənd yolunda idarə edərkən uzununa üfiqi nişanlanma xətti qurtardıqdan sonra əks istiqamətli hərəkət zolağına çıxaraq özündən öndə hərəkətdə olan nəqliyyat vasitələrini keçərək yolunu davam etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci madəsində inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası təsbit edilmişdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəzaxilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək yol hərəkəti sahəsində dövlət vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 42-ci maddəsinin Xİİ-ci hissəsində aşağıdakı hallarda geriyə dönmək qadağan edilmişdir: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1, 3 və 11-ci bəndlərində göstərilmişdir ki, 1.1 üfiqi nişanlanma xətti-əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3—dörd və daha zox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11—yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütün xətt tərəfdən kəsib keçməyə icazə verilir. «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1-001- 12 nömrəli qərarı ilə təsdiq olunmuş «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimatın 2.10-cu bəndində göstərilmişdir ki, DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X1 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doludur (Təlimata 16 nömrəli əlavə).Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur. Bundan əlavə qanunvericiliyin tələbinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Lakin, iş materiallarında olan 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar əks olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. 30 may 2022-ci il tarixli, EQ seriyalı, 10046968 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar