Məhkəmə qərarları › İş №3(010)-25/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-25/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-25/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan. barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 14 dekabr 2021-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərmişdir. 22 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuş 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 01 dekabr 2021-ci il tarixli bildirişindən görünür ki, Şəxs 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 14 dekabr 2021-ci il tarixdə saat 12:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, maliyyə hesabtlarına dair onda olan bütün subutların Maliyyə Nazirliyinə təqdim edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 99.2 və 100.3-cü maddələrinə əsasən açıq və qapalı səhmdar cəmiyyətləri (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borcludurlar. Həmin Məcəllənin 107.6-cı maddəsinə əsasən bu məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin qanunun 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə- vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə hüquqi şəxs Şəxs 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditini aparmamış, bununla da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla belə hüquqi şəxs Şəxs 2019-cu il üzrə illik maliyyə hesabatlarının auditini hesabat dövrü başa çatdıqdan sonra 30 aprel 2020-ci il tarixdən gec olmayaraq aparmalı olduğundan əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin 30 aprel 2020-ci il tarixdən yaranmasına, qanunvericiliyin tələblərinə əsasən isə maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə baxmayaraq, Şəxs 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 14 dekabr 2021-ci il tarixdə saat 12:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, 14 dekabr 2021-ci il tarixdə isə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş, həmin protokol 22 dekabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş materiallarına isə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi” Qaydalarının 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan 01 il 07 ay 14 gün sonra 14 dekabr 2021-ci il tarixdə, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra sonra tərtib edilərək baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəmsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar