Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-25/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş 00100-03023/23 nömrəli inzibati xəta haqqında iş üzrə EP № ******* saylı, 23 noyabr 2023-cü il tarixli protokol baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə gəlməmişlər və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdirlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin fikirlərini dinləyib, iş materiallarını əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan EP № ******* saylı, 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC ünvanına 31AB137/31AB138 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklərin, **********1466 nömrəli GB-nin invoys sənədində ümumi invoys dəyəri 15083.00 dollar, **********1555 nömrəli GBnin invoys sənədində isə ümumi invoys dəyəri 4402.00 dollar olduğu halda hər iki invoysda dəyər FCA VALUE: 42430.4 dollar kimi qeyd olunmuşdur. O, cümlədən **********1466 nömrəli GB ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş **********4921 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 14523.00 dollar bəyan olunduğu halda, gömrük bəyannaməsində faktiki təqdim olunmuş sənədlərə uyğun olaraq ümumi invoys dəyəri 15083.00 dollar olaraq bəyan edilmişdir, **********1555 nömrəli GB ilə bəyan olunan yük üçün isə əvvəlcədən təqdim edilmiş **********5061 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 4202.00 dollar bəyan olunduğu halda, gömrük bəyannaməsində faktiki təqdim olunmuş sənədlərə uyğun olaraq ümumi invoys dəyər 4402.00 dollar olaraq bəyan edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, **********1555 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən ünvanına Çindən gələn mallar Azərbaycan Respublikası ərazisinə çatmamış, yəni xx.xx.2023-cü il tarixdə qısa idxal bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoys dəyəri 4402.00 ABŞ dolları olaraq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, **********1466 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük orqanına « Şəxs » Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvanına Çindən gələn mallar Azərbaycan Respublikası ərazisinə çatmamış, yəni xx.xx.2023-cü il tarixdə qısa idxal bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoys dəyəri 15083.00 ABŞ dolları olaraq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş EP № ******* saylı, 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, **********1555 nömrəli GB-nin invoys sənədində isə ümumi invoys dəyəri 4402.00 dollar olduğu halda hər iki invoysda dəyər FCA VALUE: 42430.4 dollar kimi qeyd olunmuşdur. Mallara aid sənədlərə baxıldığı zaman bunun mexaniki səhv olduğu aydın olur. **********5061 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasmda ümumi invoys dəyəri 4202.00 dollar bəyan olunduğu halda, gömrük bəyannaməsində faktiki təqdim olunmuş sənədlərə uyğun olaraq ümumi invoys dəyər 4402.00 dollar olaraq bəyan edilmişdir burada da daşınma xərcləri ordan çıxılmışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş EP № ******* saylı, 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X1 bildirmişdir ki,müqavilə və bank sənədləri üzrə invoysda qeyd olunan 15083 və 4402 ABŞ dolları qiymətlərdir.Bu alt hissədə yazılan qiymət isə 42430,4 ABŞ dolları qarşı tərəfin göndərdiyi mexaniki səhvdir. Qısa idaxl bəyannaməsində yalnız malların dəyəri qeyd olunmuşdur.Gömrük bəyannaməsində isə invoysda qeyd olunan (FOB cost xərci yəni malların göndərən şirkətin sənədləşməsinə və daşınma yüklənmə xərcləridir) bölünərək mal pozisyası üzrə malların dəyərinin üzərinə əlavə olunmuşdur. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsiri müəyyən edilmir. Çünki İş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən onun ünvanına göndərilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2023-cü il tarixli, **********1555 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmiş, lakin verilmiş həmin bəyannamədə texniki səhvə yol verilərək qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri düzgün göstərilməmişdir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün bunlar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 00100-03023/23 nömrəli inzibati xəta haqqında iş üzrə EP № ******* saylı, 23 noyabr 2023-cü il tarixli protokola dair Şəxs əməlində İXM-in 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 00100-03023/23 nömrəli inzibati xəta haqqında iş üzrə EP № ******* saylı, 23 noyabr 2023-cü il tarixli protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-25/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-25/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver