Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-250/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən ona İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən cərimə tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokolu əsasında qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixində o, səhər tezdən evdən çıxıb işə pul qazanıb ailəsini dolandırmağa gedird. O, üzərində maska ilə avtobusda oturmuşdu. Suraxanı rayonun polis əməkdaşı qanunsuz hiylə istifadə edərək, avtobusa daxil olub, başını yelliyəyelliyə ona işarə edirdi ki, avtobusdan ensin. O, qanunla qediş haqqını ödəyib avtobusa daxil olub oturmuşdur, polis əməkdaşı qanunsuz tələbi ona maddi ziyan vurur və Suraxanı polis əməkdaşları tərəfindən ona qarşı daimi bu qanunsuz hərəkət təkrarlanır. O, polisin qanunsuz tələbinə tabe olub avtobusdan duşmüş və polisin vəsiqəsini tələb etmişdir. Həmin polis, polis haqqında qanunu pozaraq vəsiqəsini təqdim etməkdən imtina edir və onu digər polisə təhvil verib “ərazidən uzaqlaşır. Digər polis əməkdaşı ona əsassız iradlar bildirib protokol tərtib etməknən hədələyir. O, polis haqqında qanuna əsasən bu ikinci polisdəndə xidməti vəsiqəsini təqdim etməyə xahiş etmişdir. Bu ikinci polisdə özünə yaraşdırmayaraq və polis haqqında qanuna riayət etməyərək ona vəsiqəsini təqdim etmədi. O, polisə hörmətlə müraciət edərək hər iki polisin vəsiqəsini ona göstərməyə xahiş etmişdir. Polislər vəziyətindən istifadə edərək bilirlər ki, vətəndaş iş yerinə gecikir və işini itirməmək üçün qanunsuz bölməyə aparılmaqdan qorxur. Polis vətəndaşın bu qorxusundan, ac qalmaq ehtimalından istifadə edərək qanunsuz hərəkətlərini davam edir. O, polisin qanunsuz hərəkətlərinə tabe olub şəxsiyyət vəsiqəsini təqdim etdi və xahiş etdi ki, protokoldan şikayəti olduğundan, həmin protokol qərarsız tərtib etsin. Bununla bərabər o, protokola etirazını bildirərək, protokolun sürətini tələb etmiş, izahatın alınmasını və protokolda müəyyən etiraza aid qeydiyyat aparmasını tələb etmiş, qanunlara əsasən foto video sübütlar təqdim etməyə və hal şahidlərini cəlb etməyə xahiş etmişdir. Polis qanunda qeyd edilən prosedurlara əməl etmir, protokolu və sürətini təqdim etmir, maddi sübütları təqdim etmir. Polis ona bildirdi ki, protokol lazımdırsa, gedib polis idarəsindən götürsün. Bünün göstərilənlərlə əlaqədar olaraq, EXP ******* saylı protokola Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəsi X7 tərəfindən EPQ ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 rayonu, Zaur Şərifov küçəsi, 33a ünvanında xx.xx.2021-ci il tarixdə maskasının olmamasına görə İXM-in 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Həmin qərar EXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd edilən EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 211.3cü maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri- müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.3-cü maddəsi ilə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-250/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-250/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver